Azərbaycan Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı məhkəmə fəaliyyətinin şəffaflığının təmin edilməsinə, məhkəmə icraatının səmərəliliyinin artırılmasına, məhkəmələrin korrupsiyaya bulaşması kimi mənfi halların aradan qaldırılmasına yönəlmiş çox mühüm, vaxtında atılan addımdır.
Bunu Oxu.Az-a tanınmış vəkil Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə, ümumilikdə adıçəkilən fərman bir sıra vacib məqamları əhatə edir:
“Onların reallaşdırılması yəqin ki, bir neçə il vaxt aparacaq. Amma artıq həyata keçirilməyə başlanılan aspektlər var. Buna hakimlərin əməkhaqlarının artırılmasını misal çəkmək olar”.
Vəkil bildirib ki, məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların ən vacib tərkib hissəsi “Elektron məhkəmə” mexanizminin tətbiq edilməsidir:
“Prezidentin fərmanına əsasən, bütün məhkəmə qərarları internetdə dərc olunmalıdır. Üstəlik, fərman bütün məhkəmə qərarları üzrə elektron axtarış bazasını nəzərdə tutur. Hesab edirəm ki, bu, reallaşdırılan islahatların ən mühüm tərkib hissələrindən biridir, çünki fərmanda məhkəmə qərarlarının proqnozlaşdırılmasının artırılmasının zəruriliyi vurğulanır”.
Ə.Həsənov diqqətə çatdırıb ki, hazırda müxtəlif məhkəmələr oxşar işlərə baxır, bununla yanaşı, həmin işlər üzrə bir-birindən tamamilə fərqli qərarlar verirlər:
“Hazırda məhkəmələr oxşar işlərə baxırlar və bir-birilərindən xəbəri olmur - nə tərəflərin, nə də vəkillərin. Və bənzər işlər üzrə çox vaxt tamamilə zidd qərarlar çıxarılır. Yaxşı başa düşürük ki, bu, çox vaxt məhkəmənin səhvindən deyil, korrupsiyadan irəli gəlir. Yəni prosesi hakimə daha çox pul verən udur”.
Onun sözlərinə görə, axtarış sistemi vəkillərin, hakimlərin və məhkəmə çəkişmələrinin digər iştirakçılarının işini xeyli yüngülləşdirəcək:
“Tutaq ki, mən vəkiləm və hansısa prosesə getməliyəm. Mən əvvəlcədən bu bazada bənzər işlərin axtarışı ilə məşğul olacağam, onlar üzrə qəbul edilmiş qərarlarla tanış olacağam, hüquqlarını müdafiə etdiyim şəxsi onlarla tanış edəcəyəm. Və artıq məhkəmədə bəyan edəcəyəm ki, cənab hakim, belə işlər artıq olub. Buna görə də buna bənzər olmayan qərar çıxara bilməzsiniz. Yəni məhkəmə qərarlarının proqnozlaşdırılması artacaq.
Eyni zamanda, hakimlərin özlərinə asan olacaq, onlar da bu sistemdən istifadə edəcəklər. Axı onların baxmalı olduğu yeni işlər arasında bəzən daha əvvəl təcrübələrində rastlaşmadıqları işlər olur. Ümumiyyətlə, hakimlər çox yüklənib və çox vaxt fiziki olaraq hər yeni işi öyrənməyə, onların bir çoxu üzrə praktiki biliklərə malik olmağa macal tapmırlar”.
Ə.Həsənov qeyd edib ki, məhkəmə işləri üzrə elektron-axtarış bazası dünyanın bir çox ölkəsində qəbul edilib və fəal şəkildə istifadə olunur:
“Arzu edən hər kəs sözügedən bazadan istifadə edə bilər. Sadəcə internetə daxil olmaq və axtarış sistemi üzrə bu və ya digər işlərə necə baxılması ilə tanış olmaq lazımdır. Bu, ölkədə biznesin inkişafı üçün də çox vacibdir. Sahibkar bu məlumat bazasından istifadə etməklə onu nə gözlədiyini biləcək”.
Onun sözlərinə görə, “Elektron məhkəmə” sistemi məhkəmə iddialarını və məhkəmələrə sənədləri internet üzərindən göndərməyə də imkan verir, yəni birbaşa məhkəmələrə getməyə lüzum qalmır:
“Sizin məhkəmə qərarlarını əldə etmək üçün məhkəmə icraçılarına getməyinizə ehtiyac yoxdur – internetdə bütün məlumat var. Eyni şey “Elektron icra” sisteminə də aiddir. Hazırda məlumat almaq üçün zəng etmək lazımdır və çox vaxt zənglərinizə cavab vermirlər. Belə olan halda isə onlar bu məlumatı elektron bazaya daxil etməlidirlər. Bu da təbii olaraq məhkəmə sisteminin inkişafına gətirib çıxaracaq və biz vaxta qənaət edə və daha səmərəli işləyə biləcəyik”.
Rasim Babayev