"Borclular artıq yalnız məhkəmə qərarı ilə deyil, notarius icra qeydi vasitəsilə də mülkiyyətindən məhrum edilə bilərlər".
Oxu.Az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında hüquqşünas Əkrəm Həsənov yazıb.
Onun sözlərinə görə, "İcra haqqında" Qanunun 17.1.4-cü maddəsi banklar və qeyri-bank kredit təşkilatları tərəfindən sui-istifadəyə yol açıb:
"Fərqi yoxdur, borc banka və ya digər şəxsədir - xüsusilə ipoteka ilə təmin edilmiş borclar (ev, mənzil, torpaq, avtomobil girovu) olanlar bu xəbərdarlığı diqqətlə oxumalıdırlar. Maddəyə əsasən, borclu notariusun icra qeydinə etiraz etsə belə, icra prosesi dayandırılmır.
Kreditor notariusa müraciət etdikdə borcluya ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə bildiriş göndərilir. Borclu buna etiraz etmədiyi halda notarius icra qeydi verir və icra məmuru borcun icrasına başlayır. Bu prosesdə hətta ipotekaya qoyulmuş əmlakın hərracı məhkəməsiz həyata keçirilir, borcun özü isə mübahisəli ola bilər.

Həsənov nümunə gətirir:
"Bank, təxminən, 30 000 manat borcu olan şəxsdən əsas borc və faizdən əlavə 10 000 manat cərimə tələb edib. Borclu bildirişə diqqət yetirmədiyi üçün bank notariusdan icra qeydini alıb və icra məmuru artıq ipotekadakı evin satışına hazırlaşır".
Ekspert bildirir ki, bu vəziyyət qanunsuzdur və "İcra haqqında" Qanunun 17.1.4-cü maddəsi Konstitusiyanın 29-cu (Mülkiyyət hüququ) və 60-cı (Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı) maddələrinə ziddir:
"Borclu məhkəmə təminatı olmadan mülkiyyətindən məhrum edilir, şikayət imkanı verilmir və kreditorlar şişirdilmiş borc məbləğini tələb edir".
Hüquqşünas hesab edir ki, kreditordan notarius icra qeydi barədə bildiriş almış hər kəs üç həftə ərzində şikayət verməlidir. "İpoteka haqqında" Qanunun 37.1-ci maddəsinə əsasən, ipoteka qoyan və ya ipoteka predmetində hüququ olan şəxs 21 təqvim günü ərzində məhkəməyə müraciət edə bilər.
Həmçinin borcluların kreditora qarşı məhkəmədə iddia qaldırması, borcun mübahisələndirilməsi və etiraz xarakterli cavab məktubu yazması tövsiyə olunur.
Ə.Həsənov qeyd edir ki, bu proses faktiki olaraq borclulara qarşı qanunsuz divan tutmaqdır, bank lobbisi qanuna antikonstitusion müddəa daxil etdirib və notariuslar, icra məmurları bunu tətbiq edirlər, məhkəmələr isə kənarda qalır:
"Ayıq olun və cəld tərpənin! Artıq notarius icra qeydinə məruz qalmış vətəndaşlar isə məhkəmələrə, o cümlədən Konstitusiya Məhkəməsinə və Ombudsmana müraciət etməlidirlər".