Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına üzvlüyə qəbul üzrə növbəti ixtisas imtahanının test mərhələsi keçirilib.
Oxu.Az xəbər verir ki, üç saat davam edən vəkilliyə qəbulla bağlı test imtahanında müraciət edən 540 namizəddən ümumilikdə 525 nəfər iştirak edib və onlardan 315 nəfəri uğur qazanıb.
Uğur qazanan namizədlərdən 1-i Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına sənəd verən şəxsdir.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlər Sənəd Qəbulu Komissiyasına 01.06.2026-cı il tarixdən 01.07.2026-cı il tarixədək aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;
2. Yazılı test mərhələsinin yekun nəticəsinə dair məlumat vərəqəsi;
3. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
4. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;
5. Əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiq edilmiş surəti;
6. Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında olub-olmaması barədə tibbi arayış;
7. Əqli cəhətdən sağlamlıq barədə tibbi rəy;
8. 3x4 sm və 4x6 sm ölçüdə hər ölçüdən 4 ədəd (cəmi 8 ədəd) rəngli fotoşəkil;
9. Vəkilin şəxsi məlumat vərəqəsi;
10. Tərcümeyi-hal.
İmtahanda uğur qazanan şəxslərin adları ilə buradan tanış ola bilərsiniz.
Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına üzvlüyə qəbul üzrə növbəti ixtisas imtahanının test mərhələsi keçirilir.
Oxu.Az xəbər verir ki, imtahan Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda təşkil olunur.
Saat 10:00-da başlayan imtahanın müddəti 3 saatdır və proses VK ilə Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə tam elektron formatda həyata keçirilir.
Qeyd edək ki, test mərhələsində iştirak etmək üçün ümumilikdə 540 namizəd müraciət edib. Namizədlərə hüququn müxtəlif sahələrini əhatə edən, hər biri 1 balla qiymətləndirilən 100 test tapşırığı təqdim olunub. İmtahanda keçid balı 60 olaraq müəyyən edilib. Nəticələr imtahan başa çatdıqdan dərhal sonra operativ şəkildə elan olunacaq və VK-nın rəsmi internet səhifəsində (www.barassociation.az) yerləşdiriləcək.
İmtahanın şəffaf və obyektiv keçirilməsinin təmin edilməsi məqsədilə prosesə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, həmçinin media təmsilçiləri müşahidəçi qismində cəlb olunublar.
Statistik göstəricilərə əsasən, iştirakçıların 53 faizi Bakı şəhərinin, 47 faizi isə regionların payına düşür. Namizədlərin 6.7 faizi xarici, 93.3 faizi isə yerli ali təhsil müəssisələrinin məzunudur. Ən çox təmsil olunan ali təhsil müəssisəsi 51 faizlik göstərici ilə Bakı Dövlət Universitetidir. Yaş göstəricilərinə görə iştirakçıların 71 faizi 40 yaşadək şəxslərdir. Bundan əlavə, namizədlərin 35 faizi qadın, 65 faizi isə kişilərdir. Naxçıvan Muxtar Respublikası üzrə müraciət edənlər ümumi sayın 0.4 faizini təşkil edir.
Eyni zamanda imtahanda iştirak edən 540 namizədin 420 nəfəri (78 faiz) özəl müəssisə və digər təşkilatlarda, 120 nəfəri (22 faiz) isə dövlət qurumlarında çalışır. Dövlət qurumlarında çalışanlardan 45 nəfəri məhkəmə orqanlarında, 9 nəfəri ədliyyə sistemində, 5 nəfəri daxili işlər orqanlarında, 1 nəfəri prokurorluqda, 60 nəfəri isə digər dövlət qurumlarında fəaliyyət göstərir.