Son günlər bəzi xəbər saytlarında həqiqəti əks etdirməyən yazıların tirajlanması Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nüfuzuna qarayaxma kampaniyasının bir hissəsidir.
Bu barədə Birliyin bəyanatında qeyd edilir.
“Bildirmək istəyirik ki, Heydər Əliyev prospektində yaranmış münaqişə ilə bağlı adları çəkilən Musayev Sərxan, Soltanov Əhməd, Hacıyev Məmmədəli şəxslərin Vətən Müharibəsi Əlillərinə Kömək İctimai birliyi və sədri Qurban Məmmədov ilə heç bir bağlılığı yoxdur.
Adı çəkilən şəxslər Vətən Müharibəsi Əlillərinə Kömək İctimai birliyinin üzvü deyillər.
Araşdırmalarımız nəticəsində məlum olmuşdur ki, münaqişə 2019-cu ildə olmuş, zamanında hüquq mühafizə orqanları tərəfindən lazımi hüquqi addımlar atılmışdır.
Bu münaqişənin Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədri Qurban Məmmədov ilə heç bir bağlılığı yoxdur. Dərc edilmiş məlumatlar tamamilə dezinformasiyadır və təşkilatın şəhid və qazi ailələri ilə bağlı məqsədyönlü fəaliyyətinə qarşı yönəlmiş qara yaxma kampaniyasının bir hissəsidir.
Təşkilatın sədri ilə bağlı mətbuatda əsassız ittihamlar irəli sürən şəxs Talıbov Aydın Cavanşir oğlu ilə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir”, - bəyanatda bildirilir.
13.36
Saxta Qarabağ əlilləri arasında qarşıdurma baş verdikdən sonra onların bu günə qədər şantajına məruz qalan iş adamları üzə çıxaraq qarşılaşdıqları zorakılıq halları ilə bağlı aidiyyəti qurumlara məlumat verməyə başlayıblar.
Bu zərərçəkənlərdən biri də Heydər Əliyev prospektində yerləşən obyektin sahibi Cavanşir Talıbovdur. Onun oğlu Aydın Talıbov “Yeni Sabah”a açıqlamasında vaxtilə “qazilər”in hücumuna məruz qaldıqlarını bildirib. O, həmin dəstənin qanunlara qarşı çıxdığını, özünə və atasına ziyan vurulduğunu deyib.
“İki il bundan qabaq Qarabağ qaziləri adından bizim yerimizə gəldilər. Həmin obyektlə bağlı saxta sənəd çıxarmışdılar. Orada Sərxanı, Əhmədi və Seyid deyilən adamı tanıyırdım. Qurban adında biri də vardı, onunla görüşmüşdüm. Sonradan anladım ki, onların başında duran elə həmin Qurban Məmmədovdur. "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin sədridir.
Şükürlər olsun ki, dövlətimiz bu şəxslərlə bağlı tədbirlər görməyə başlayıb. Dövlət rəhbərliyindən xahiş edirəm ki, biz sahibkarları bu saxtakarlardan qorusunlar”.
Xatırladaq ki, iki il öncə sözügedən dəstə C.Talıbovun obyektini ələ keçirmək üçün hücum etmişdi. C.Talıbov o zaman yerli telekanallardan birinə açıqlamasında bildirmişdi ki, dəstə bu hücumlarla uzun müddət müəssisənin fəaliyyətinə imkan verməyib:
“20 nəfər gəlirdi, onlara nə edə bilərdim ki, hamısı da cinə oxşayırdı. Deyirdilər çıx burdan, obyekti bizə ver”.
Onu da xatırladaq ki, sözügedən saxta Qarabağ əlilləri arasında bir neçə gün əvvəl əlbəyaxa dava baş verib. Buna səbəb dəstə üzvlərinin saxta əlillik nəticəsində əldə olunan pul vəsaitlərini bölüşdürə bilməmələri olub.