“Əlilliyi olan şəxslərə təqdim edilən reabilitasiya vasitələrinin sayı 34-dən 57-yə qədər artırılıb”.
Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı məlumat verib.
O bildirib ki, 57 növ reabilitasiya vasitəsini hər bir əlilliyi olan şəxs müraciət əsasında əldə edə bilər:
“Söhbət əsalardan, eşitmə cihazlarından, funksional çarpayılardan, protezlərdən, ortopedik ayaqqabılardan və s. digər reabilitasiya vasitələrindən gedir. Cari ilin 10 ayında 7 615 nəfər əlilliyi olan şəxs 38 670 protez, ortopedik və digər reabilitasiya vasitələri ilə təmin olunub.
Onlardan 1203 nəfərə aşağı ətrafın protezi, 263 nəfərə isə yuxarı ətrafların protezi qoyulub. 1497 nəfər protez ayaqqabılarla, 5642 cüt ortopedik ayaqqabı təmin edilib, 1983 ədəd əsa verilib. Ötən ilin əvvəlindən Azərbaycanda ilk dəfə olaraq mühərrikli arabalar, mühərrikli-təkərli oturacaqlar verilir. Artıq 908 nəfərə mühərrikli-təkərli oturacaq verilib ki, onlardan 58 ədədi müharibə əlillərinə verilib”.
“Vətən müharibəsinin 196 qazisi post-müharibə dövründə ümumilikdə 2079 reabilitasiya vasitəsi ilə təmin olunub. 158 hərbçi 166 ədəd yüksək texnologiyalı protezlə təmin olunub. Həmin bu yüksək texnologiyalı protezlərin qazilərin itirilmiş əzalarının funksiyalarını 80-85 faizinin qaytarılmasına, həyata inteqrasiyasına ciddi kömək edir” -, deyə A.Bayramov qeyd edib.
Könül Cəfərli