Müasir dünyada gənclər bir qayda olaraq iki hissəyə bölünür: bir hissə özünə bənzərlərlə düşünmədən həyatını şübhəli məkanlarda məhv edir, tənbəlliklərinə bəraət qazandırmaq üçün səbəblər uydurur, sonra isə hər şeydə tale və ətrafdakıları öz uğursuzluqlarında günahlandırırlar.
Digər hissə isə gənc yaşlarından öz müqəddəratlarını müəyyən edir, qarşısına məqsəd qoyaraq heç bir şirnikləndirici amillərə baxmadan o məqsədə doğru inamla addımlayırlar.
Biz artıq dəfələrlə istedadlı, gənc yaşlarına baxmayaraq məqsədyönlülüyü ilə seçilən, bütün qüvvəsini gələcəkdə cəmiyyətdə layiqli yeri tutmağa və doğma vətənə xeyir gətirməyə sərf edən gənclərdən yazmışıq.
Belə gənclər heç vaxt bir yerdə dayanmırlar, onlar qarşılarına çıxan maneə və çətinliklərə baxmayaraq daima irəli addımlayırlar. Və tam əminliklə demək olar ki, onların simasında ölkəmiz nümunə götürəcək layiqli vətəndaşlara sahibdir.
Bu gün biz, gənc nəslin belə istedadlı nümayəndələrindən biri haqqında danışmaq istərdik.
Nuriyev Elmir Vidadi oğlu – onun cəmi 26 yaşı var, amma gəncliyinə baxmayaraq, o artıq çox şeyə nail olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olduqdan sonra o, əldə olunanla kifayətlənməyərək, təhsilini xaricdə davam etdirmək qərarına gəlir.
Böyük Britaniyanın Kardiff Universiteti istedadlı azərbaycanlı gəncin qarşısında öz qapılarını açır. Qeyd etmək lazımdır ki, Universitet Uelsin ikinci böyük universitetidir və aparıcı Britaniya tədqiqat universitetlərindən ibarət “Russell Group” qrupunun üzvüdür.
İstedadlı gəncin uğurları tezliklə nəzərə çarpır və onu təhsilini davam etdirmək üçün Londonda Siti Universitetinə dəvət edirlər.
Nortgemtonsk İnstitutu kimi 1894-cü ildə əsası qoyulan bu prestijli təhsil ocağı 1966-cı ildə Universitet statusunu və indiki adını alıb.
Siti Universiteti məzunlarının əmək məşğulluğu və yüksək maaşla təminatı sahəsində 100 ildən artıq təcrübəyə malikdir. Elmir magistraturanı fərqləndirmə diplomu ilə bitirərək, inadın və əməksevərliyin mövcud olduğu halda istənilən nailiyyəti əldə etməyin mümkün olduğunu sübut etdi.
Uğurlu, gənc hüquqşünas yaşıdları kimi təhsil ilə kifayətlənmədi. Peşənin bütün incəliklərini yalnız təcrübədə mənimsəməyin mümkün olduğunu bilən gənc məşhur ingilis banklarından birinə işə düzəlir. O, bu bankda son günlərə qədər işləyib, öz peşəkarlığı və işə savadlı yanaşması ilə təcrübəli əməkdaşların belə rəğbətini qazanıb.
Elmirin həyatında növbəti mərhələ, Avropanın prestijli təhsil ocağı olan Vyana Diplomatik Akademiyasının dəvəti oldu. Həmvətənimizə təhsilini orada davam etdirməyi təklif etdilər.
Qeyd etmək lazımdır ki, Akademiyanın əsası imperatriçə Mariya Tereza tərəfindən 1754-cü ildə qoyulub, orada yalnız ən yaxşılar təhsil ala bilər.
Belə ki, Akademiyada təhsilə hazırlıq prosesi çox mürəkkəbdir. Bu Akademiyanın məzunları bir çox məşhur siyasətçilər, nazirlər, dövlət rəhbərləridir.
Hal-hazırda Elmir Vyanada oxuyur, heç bir şübhə yoxdur ki, o, çox uğurlu mütəxəssis olacaq. Vətənpərvər olan bu oğlan təhsilini başa vurduqdan sonra öz peşəkar bacarığını Azərbaycanın xeyrinə realizə etmək niyyətindədir.
Qeyd etmək lazımdır ki, Elmirin uğurları təsadüfi deyil. Bu istedadın təməli professor və akademik nəsli ilə qoyulub, onlar da öz zamanlarında Azərbaycan elminin inkişafına gözəçarpacaq əmək sərf ediblər. Təəccüblü deyil ki, uşaq yaşlarından belə nümunə görən gənc qarşısına yetərincə yüksək amal qoyub və inadkar əməyi ilə bu məqsədə çatmaq üçün səy göstərərək həyatda layiqli yerini tutmağa çalışır.
Bir daha qeyd etmək istərdik ki, Nuriyev Elmir kimi adamlar haqqında əhvalatlar gənc azərbaycanlılar üçün motivasiya olaraq, onlara öz güclərinə, imkanlarına inanmağa sövq edə bilər. Beləliklə də bizim ölkədə gözəl hüquqşünaslar, həkimlər, maliyyəçilər və digər sahələr üzrə Azərbaycanın inkişafına öz töhfələrini verəcək mütəxəssislər nəsli meydana gələr.
Aliyə İsmayılzadə
www.oxu.az