Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən koronavirus infeksiyasının yayılmasına qarşı respublikada həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək olmaq məqsədilə aksiya təşkil edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-a verilən məlumata görə, tədbir çərçivəsində Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən sürücülərə və həmin avtomobildə olan sərnişinlərə tibbi spirt, maska və əlcəklər paylanılıb.
Həmçinin, vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılıb, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək, sağlamlıqlarını qorumalarının vacibliyi xatırladılıb. Aksiya çərçivəsində 300-dən artıq sürücüyə tibbi spirt, maska və əlcək paylanılıb.
Bu tədbirlər Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında da davam etdirilir. Belə ki, şöbəyə gələn hər bir vətəndaşın əllərinin dezinfeksiya olunması, əlcək və tibbi maska ilə təmin olunması həyata keçirilir.