Aprelin 29-da saat 10:00-da Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 1976-cı il təvəllüdlü şəxs (kişi) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, ona sol körpücük sümüyünün distal ucunun sınığı, döş qəfəsinin əzilməsi və qapalı kəllə-beyin travması diaqnozu təyin edilib:
"Hazırda pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir".
Bu gün saat 09:15-də Xaçmaz-Çarxı sahəsində "Prius" markalı minik avtomobili dəmiryol keçidindən istifadə qaydalarını pozub, nəticədə həmin sahədə hərəkətdə olan lokomotivlə toqquşub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Qeyd edilib ki, bununla bağlı aidiyyəti üzrə araşdırma aparılır.
"ADY bir daha sürücüləri dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa, qaydalara, o cümlədən yol nişanlarının tələblərinə riayət etməyə, yalnız qatara yol verdikdən sonra hərəkəti davam etdirməyə çağırır", - məlumatda vurğulanıb.