Xaçmazda “Şəhidlər bulağı” istifadəyə verilib.
Oxu.Az xəbər verir ki, yeni inşa olunan bulaq kompleksində Vətən müharibəsi şəhidləri Rauf Babayev, Davud Hacıyev, Kərəm Veyisov, Rəşad Səfərəliyev və Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Elvin Mirzəyevin xatirəsi əbədiləşdirilib.
Xüsusi memarlıq formasında inşa edilən “Şəhidlər bulağı”nın ətrafı abadlaşdırılıb, Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır.
“Şəhidlər bulağı”nın açılış mərasiminin iştirakçıları əvvəlcə şəhidlərin məzarlarını ziyarət edib, torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın ruhuna dualar oxuyublar.
Tədbirdə Xaçmazla yanaşı, respublikanın müxtəlif şəhər və rayonlarda yaşayan şəhid ailələri iştirak edib.
Onlar öz çıxışlarında Vətən müharibəsində Azərbaycanın mərd oğullarının qəhrəmanlıqlarından və əldə olunan tarixi qələbədən söz açıblar. Çıxışlarda Azərbaycan ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən danışıblar. Həmçinin qeyd edilib ki, şanlı zəfər tarixini yazan vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
Şəhid ailələri və qazilər Göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.