Xaçmaz rayonunun 20-dən artıq kəndi elektrik enerjisiz qalıb.
"Report"un Şimal bürosu xəbər verir ki, gündüz saatlarından etibarən rayonda baş verən yanğından sonra kəndlərdə hazırda elektrik enerjisi yoxdur.
Xaçmaz Elektrik Şəbəkəsinin rəisi Ruhin Məmmədov "Report"un yerli bürosuna bildirib ki, ərazidə RTS, Əhmədoba, Nərəcan və digər xətlərdə elektrik enerjisi yoxdur.
Qeyd olunub ki, yaranmış qəza ilə əlaqədar xətt gərginlikdən ayrılıb.
Qəzanın aradan qaldırılması üçün işlər aparılır, şəbəkənin birqadaları əraziyə səfərbər olunublar və yaxın vaxtlarda işlər tamamlanaraq, kəndlərin elektrik enerjisi bərpa olunacaq.
23:18
Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğını Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər, qüvvələrin koordinasiyalı və effektiv tətbiqi sayəsində nəzarətə götürmək mümkün olub.
FHN-dən daxil olan məlumata görə, hazırda ətraf ərazilər, o cümlədən ictimai-iaşə və kommunikasiya obyektləri üçün təhlükə yoxdur. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Həmçinin, Şabran rayonunun Təzəkənd - Daşlı yataq - Söhbətli kəndləri istiqamətində baş vermiş yanğın nəzarətə götürülüb və hazırda soyutma tədbirləri görülür.
Yanğınla mübarizə tədbirlərinə ümumilikdə FHN-in Aviasiya dəstəsinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə və 2 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Daxili İşlər Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları cəlb olunub.
Xaçmazdakı yanğından sonra kəndlər işıqsız qalıb - YENİLƏNİB + FOTO/VİDEO