Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Xankəndidə ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Xankəndi şəhərində ikigünlük oftalmoloji tibbi müayinələr keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə "Böyük Qayıdış" Proqramı çərçivəsində vətəndaşlar arasında müxtəlif istiqamətlərdə tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.
İkigünlük səyyar oftalmoloji müayinələrin başlıca məqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.
Tibbi aksiyanın ilk günündə 100-dən artıq sakin oftalmoloji müayinədən keçib.
Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopik astiqmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Həmçinin, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.
Ümumilikdə, ikigünlük oftalmoloji aksiya çərçivəsində 200-ə yaxın vətəndaşın müayinədən keçməsi nəzərdə tutulub.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Cəbrayılda daha 49 ailəyə evlərin açarları təqdim olunub
- Cəbrayıl sakini: "Olmazın çətinliklərini çəkdik, amma o günlər geridə qaldı"
- Keçmiş məcburi köçkün: "Cəbrayıl bizim üçün həssas nöqtədir"
- Şuşaya köçürülən sakinlərə mənzillərinin açarları təqdim edilib
- Vüqar Məmmədov: "Şuşaya çatan kimi birinci şəhidlərimizin məzarını ziyarət edəcəyəm"
Rəylər