Xaricdə yaşayan Azərbaycan vətəndaşları da pensiya ala biləcəklər.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib. Sədr bildirib ki, pensiya təminatında mövcud olan problemlər artıq tam aradan qaldırılıb:
“Əvvəlki qanunvericiliyə əsasən, pensiya təminatı üçün müraciət edən şəxs öz fərdi sənədlərini və ərizəsini yaşayış ərazisi üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli struktur bölməsinə təqdim etməli idi. Ancaq xaricdə yaşayan Azərbaycan vətəndaşları bu imkandan məhrum olduğundan, onların pensiya təyinatının hansı qaydalar əsasında müəyyənləşdirilməsində problemlər olub. Belə ki, xaricdə yaşayan vətəndaşların sənəd təqdimetmə zamanı problemlər mövcud idi.
Bununla bağlı qanunvericiliyə müəyyən dəyişikliklər edilib. Yeni dəyişikliklər əsasən Azərbaycan vətəndaşlarının pensiya təyinatı və təyinat üçün sənədlərin təqdim olunma mexanizmini müəyyənləşdirib. Bu qaydalar əsasında Xarici İşlər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun daxili qaydaları yenidən hazırlanıb.
Bu qaydalara uyğun olaraq, xaricdə yaşayan Azərbaycan vətəndaşları öz müraciətləri və müraciətə əlavə olunan pensiya təyinatı üçün əsas hesab edilən sənədləri yaşadığı ölkədəki Azərbaycan Konsulluğuna təqdim etməlidir. Konsulluq İdarələri Xarici İşlər Nazirliyi vasitəsilə həmin sənədləri DSMF-yə təqdim edəcək. Nəticədə qanunvericiliyə uyğun olaraq Fond pensiya prosesini reallaşdıra biləcək. Düşünürəm ki, bu, yaranan problemi tamamilə həll edəcək”.