Günay Malikqızı yazır...
Karantin dövründə bu günə kimi fikir vermədiyimiz bir çox həqiqətlər ortaya çıxdı.
Heç vaxt ağlıma gəlməzdi ki, bütün günü evdə qala bilərəm.
Ya da ki, qadınlar manikür və pedikürsüz yaşaya bilərlər.
Mənim kimi “yemək bişirə bilmirəm” deyənlərin bir çoxu bu günlərdə biş-düşdə əməlli-başlı irəliləyiş əldə etdi.
Gülməli yox, bəlkə bir az da dramatik olan məşhur bir lətifədə deyildiyi kimi, evdəkilərin necə yaxşı insanlar olduğunu anladıq.
Bəli, dünya daha mehriban, daha anlayışlı, bəzən daha əsəbi və səbirsiz halların şahidi oldu.
Nəticədə, nəinki biz - adi, qara camaat, dünyanın nəhəng ölkələri dostunu və düşmənini tanıdı.
Amma bütün bu karantin qaçhaqaçında azərbaycanlıların daha bir əhəmiyyətli xüsusiyyəti ortaya çıxdı.
Bizim millət çox kreativdir.
Bəli, azərbaycanlılar qonaqpərvər, istiqanlı, dostcanlı olduqları qədər də kreativ imiş.
Hədəfə çatmaq üçün qarşımızda maneə tanımırıq.
Maneəni dəf etmək üçün heç kimin ağlına gəlməyəni bizimkilər bilir...
Karantin dövründə bütün dünyanın “Evdə qal” çağırışı ilə çalxalandığı bir vaxtda evdən çıxmaq üçün istifadə etdiyimiz fəndləri Ginnessin rekordlar kitabına da təqdim edə bilərik.
Məsələn, 23 yaşlı bir cavan karantin dövründə “hərbçi” olub. Bəli, Gəncədə karantin müddətində maneəsiz evdən çölə çıxmaq üçün forma tapıb və uzun müddət “hərbçi” kimi gəzib dolaşıb.
Bəzi “başbilənlər” isə dostlarından birinin adını “8103” kimi telefonun yaddaşında saxlayırlar. “8103”dən qəbul olunan mesaj mətnini alırlar və yoxlama zamanı o mesajı təqdim edirlər ki, bəli, buyurun, icazə almışıq.
Ya da yasa getmək adı ilə futbol oynamağa toplaşan gənclərlə yadda qalacaq bu karantin dövrü...
Avtomobillərin baqajında iki büküm olub, Bakıya gözə görünmədən keçə biləcəklərini düşünənlərin TV ekranlardakı məyus hallarını görəndə “niyə də, niyə?” sualını vermək istəyirəm.
Bu qeyri-adi yolları fikirləşəcək qədər vaxtınız varsa, deməli, işiniz yoxdur. İşiniz yoxdursa, niyə evdə oturmursunuz?
Karantin dövründə “əsl xaş havasıdır” deyib, gizlicə dostlarla xaş yeməyə gedənlər haqda xəbəri oxuyanda ağlımdan keçənləri bilmək istəməzsiniz...
Xaşı özünün, dostlarının, qohum-əqrəbasının canından çox sevənlərlə bir dövrdə yaşadığım, belə insanları canlı görə biləcəyim üçün keçirdiyim hissləri ən yaxşı ifadə edən sözləri yazmağa isə təəssüf ki, tərbiyəm icazə vermir! Xaş, domino, kart və futbol sevgisi necə güclü olarmış?..
Maraqlıdır ki, bir yerə yığışıb karantin qaydalarını pozduqlarına yox, ödəyəcəkləri cəriməyə yanırlar.
Yəni nəticə etibarilə əməllərinin əsas mahiyyətini yenə də anlamırlar.
Bilirsiniz, nə qədər qəribə səslənsə də, söhbət cərimədə deyil, nəticədədir...
Ödəyəcəyiniz 100 AZN xəstəliyi yaymaq istiqamətində atdığınız qətiyyətli addımların səbəb ola biləcəklərinin yanında heç nədir.
Yəni siz evdə otura bilmirsiniz deyə, kimsə yoluxsa, bu, daha böyük zərər, ziyan, ya da Allah eləməsin, itkiyə gətirib çıxa bilər.
Bir “pors” xaşa 100 AZN verən oğlanlardır koronavirusun ömrünü uzadanlar. Nə deyək? Onlara Allah ağıl versin, bizə də səbir?..