Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Xəstələrin kartlarını kanalizasiya suyu islatdı, qışda pəncərələri açıb otururlar - ŞİKAYƏT
Buzovna qəsəbəsində yerləşən 1 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsinin qeydiyyat otağına kanalizasiya suyu axması ilə əlaqədar sosial mediada videogörüntü yayılıb.
Oxu.Az-ın məlumatına görə, görüntünü paylaşan istifadəçi qeyd edir ki, hazırda həmin otaqda qoxudan durmaq mümkün deyil:
"Üfunət ətrafı bürüyüb. Bu soyuqda işçilər pəncərəni açıb içəridə otururlar. Gələn xəstələr vəziyyətdən narazılıq edirlər. Hətta xəstələrin tibbi ambulator kartları bir neçə dəfə islanıb, işçilər özləri qurudublar. Heç kim problemin həll olunması üçün nəsə etmir".
Sözügedən videogörüntünü təqdim edirik:
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələnin həlli ilə bağlı müvafiq qurumlara rəsmi şəkildə məlumat verilib:
"Buzovna qəsəbəsində yerləşən 1 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsi hazırda yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərir. Bununla əlaqədar binada yaranan axıntı problemləri qeydə alınır. Məsələnin həlli ilə bağlı müvafiq qurumlara rəsmi şəkildə məlumat verilib.
Onu da bildirək ki, yaxın zamanda binada əsaslı təmir işlərinin həyata keçirilməsi planlaşdırılır".
Aygün Mirakif