"Bu gün Xətai Tibb Mərkəzində açılışı keçirilən şöbə müasir tibbi texnologiyalar tələb edən mürəkkəb oftalmoloji cərrahi xidmətlərin göstərilməsi, bu xidmətlərin əhali üçün əlçatanlığının təmin olunması, eləcə də keyfiyyətli və müasir tibbi xidmətlərin çeşidinin artırılması istiqamətində atılmış mühüm addımdır".
Oxu.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktor vəzifəsini müvəqqəti icra edən, icraçı direktorun müavini Bahadur Rzayev Xətai Tibb Mərkəzində yeni Göz xəstəlikləri və cərrahiyyə şöbəsinin açılışında deyib.
Bahadur Rzayev Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatların dövlət tibb müəssisələrinin inkişafına, onların maddi-texniki bazasının gücləndirilməsinə və müasir tibbi texnologiyaların tətbiqinə geniş imkanlar yaratmasından bəhs edib:
"Dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və peşəkar kadr potensialının artırılması və cəlb olunması bu siyasətin əsas istiqamətlərindəndir. Xətai Tibb Mərkəzində yeni şöbənin fəaliyyətə başlaması da vətəndaşların müasir və ixtisaslaşmış tibbi xidmətlərə əlçatanlığının artırılmasına, dövlət səhiyyə sisteminin imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək".
O diqqətə çatdırıb ki, istənilən səhiyyə xidmətinin təşkili zamanı maddi-texniki baza və infrastrukturla yanaşı, kadr təminatının gücləndirilməsi də ən vacib məsələlərdən biridir:
"Bu istiqamət bizim əsas prioritetlərimizdəndir. Yerli və beynəlxalq təcrübəyə malik, müasir tibbi avadanlıq və texnologiyalarla işləməyi bacaran mütəxəssislərin müəssisələrimizə cəlb olunması əsas hədəflərimizdəndir.
Xətai Tibb Mərkəzində fəaliyyətə başlayan bu şöbə artıq bu gündən etibarən vətəndaşlarımıza geniş spektrli mürəkkəb tibbi və cərrahi xidmətlər göstərəcək".
Müasir tibbi avadanlıqlarla təchiz olunan şöbəyə rəhbərliyi 16 illik peşəkar təcrübəyə malik oftalmoloq-cərrah Cahid Şahbazov edəcək. O, açılışda bildirib ki, yeni şöbənin yaradılmasında əsas məqsədlərdən biri müasir oftalmologiya xidmətlərini dövlət tibb müəssisəsində əlçatan etmək və mürəkkəb cərrahi müdaxilələrin həyata keçirilməsi üçün yeni imkanlar yaratmaqdır:
"İllər əvvəl dövlətimizin dəstəyi ilə xaricdə təhsil almış həkim kimi qazandığım təcrübəni öz dövlətimə və xalqıma xidmətə yönəltmək istəyirəm. Əsas məqsədlərimizdən biri dövlət və özəl tibb müəssisələri arasında formalaşmış stereotipləri aradan qaldırmaqdır. İstəyirik ki, pasiyentlər mürəkkəb oftalmoloji əməliyyatlar və müasir müalicə imkanları üçün yalnız özəl klinikalara üz tutmaq məcburiyyətində qalmasınlar".
Yeni açılan şöbədə tor qişa və ön seqment patologiyalarının müayinəsi üçün optik koherentsə tomoqrafiya; pentacam vasitəsilə buynuz qişanın tomoqrafiyası və topoqrafiyası; pediatrik kontaktsız refraktometriyasının diaqnostikası, mürəkkəb katarakta əməliyyatları, afakiyanın skleral fiksasiyalı intraokulyar linzalarla korreksiyası, vitrektomiya və göz daxili drenaj implantasiyası əməliyyatları həyata keçiriləcək.