Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən reallaşdırılan kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində üç fakt üzrə gizli şəkildə dərman vasitələri və siqaretlərin ölkəyə keçirilməsinin qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Təbriz-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşlarının baqajlarına stasionar rentgen qurğusunda baxış keçirilib və şübhəli təsvirlər müşahidə olunub.
Yoxlama zamanı hər üç vətəndaşa məxsus baqajlardan gömrük nəzarətindən gizlədilən dərman vasitələri - 12 440 ədəd həb, 4 066 ədəd kapsul, 162 ədəd və 41 qutu maye məhlul, 120 paket toz halında məhlul, 70 ədəd şam, 2 qutu iynə, 58 qutu və 613 ədəd maz, 1 qutu gel, həmçinin 4 460 ədəd siqaret aşkar olunub.