"Xəzər dənizində suyun mövcud sahil xəttindən geri çəkilməsi bəzi hallarda 800 metrə çatır".
Oxu.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov noyabrın 19-da keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bu, kifayət qədər böyük ərazidir:
"Amma mövcud qanunvericiliklə həmin ərazilər onsuz da dənizin akvatoriyasına aid torpaqlardır və bu gün də o hüquqi statusunu saxlayır. Xəzər dənizinin sahil zolağı Nazirlər Kabinetinin 24 avqust 2016-cı il tarixli qərarı ilə müəyyən olunub. Yəni biz ora sıfır xətti deyirik: dənizin sahillə təmasının sıfır xətti. Ona uyğun olaraq da mühafizə zolaqları 20 və 50 metr sahil xəttindən quruya doğru müəyyən olunub, mövcud qanunvericiliyə əsasən həmin ərazilər müstəsna dövlət mülkiyyətidir. Odur ki, sahilboyu ərazilərin xəritələşdirilməsini aparacağıq.
Xəzərin sahilboyu ərazilərinin zonalaşdırılmasından sonra sərhədlər rəqəmsal xəritədə əks olunacaq. Əhalinin yaşadığı və gələcəkdə məskunlaşdırılması nəzərdə tutulan ərazilər, həmçinin Bakı bulvarı, Bayraq Meydanı, "Sea Breeze", limanlar və sənaye parkları yeni sahil idarəetmə sisteminin əhatə dairəsinə daxil deyil. Onların idarə edilməsi qanunvericilik çərçivəsində həyata keçirilir. Zonalaşdırma prosesi başa çatdıqdan sonra isə hər bir vətəndaş rəqəmsal xəritədə hansı ərazilərin sahil idarəetmə sisteminə daxil olduğunu görə biləcək".