"PAŞA Holding" Azərbaycanda peşəkar jurnalistikanın inkişafına, yerli jurnalistlərin bilik və bacarıqlarının genişləndirilməsinə, eləcə də onların beynəlxalq media ictimaiyyətinə daha fəal inteqrasiyasına yönəlmiş "PAŞA Holding Media Development Program" adlı təşəbbüsünə start verib. "PAŞA Holding"in 20 illik yubileyi çərçivəsində həyata keçirilən təşəbbüs iştirakçılara qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi və müasir jurnalistika alətləri ilə tanışlıq imkanları yaratmağı hədəfləyir. Proqram bu il fəaliyyətlərinin 20 illiyini qeyd edən "PAŞA Insurance" və "PAŞA Real Estate" şirkətlərinin dəstəyi ilə həyata keçirilir.
Tamamilə ingilis dilində keçirilən təlim müasir jurnalistikanın əsas istiqamətlərini əhatə edir. Proqram çərçivəsində iştirakçılar məlumatların axtarışı, yoxlanılması və təhlili, rəqəmsal alətlərdən istifadə, yeni kontent formatlarının mənimsənilməsi, eləcə də süni intellekt texnologiyalarının redaksiya fəaliyyətində tətbiqi üzrə bilik və bacarıqlarını inkişaf etdirəcəklər.
Proqram iki mərhələdən ibarətdir. İlk mərhələ Bakıda beynəlxalq media eksperti və peşəkar təlimçi Den Meysonun rəhbərliyi ilə keçirilən 4 günlük intensiv təlimdən ibarətdir. Təlim zamanı seçilmiş jurnalistlər qabaqcıl beynəlxalq təcrübə, keyfiyyətli jurnalist materiallarının hazırlanmasına müasir yanaşmalar və dünyanın aparıcı redaksiyalarında istifadə olunan alətlərlə tanış olacaqlar. Xüsusi diqqət yeni texnologiyaların, o cümlədən süni intellektin jurnalistlərin gündəlik fəaliyyətində praktiki tətbiqinə yönəldiləcək.
Proqramın ikinci mərhələsi iştirakçıların Londona səfərini və beynəlxalq media ictimaiyyətinin nümayəndələrini bir araya gətirən "News Rewired" konfransında iştirakını nəzərdə tutur. Konfrans çərçivəsində jurnalistikanın aktual tendensiyaları, texnoloji yeniliklər və media sənayesinin gələcəyi müzakirə olunur. Bununla yanaşı, iştirakçılar beynəlxalq media nümayəndələri ilə peşəkar görüşlərdə və təcrübə mübadiləsində iştirak etmək imkanı əldə edəcəklər.
"Jurnalistlər və media qurumları "PAŞA Holding"in əsas maraqlı tərəf qruplarından biridir. Biz inanırıq ki, güclü jurnalistika məlumatlı cəmiyyətin formalaşmasında və müxtəlif tərəflər arasında konstruktiv dialoqun inkişafında mühüm rol oynayır. Bu səbəbdən jurnalistlərin davamlı peşəkar inkişafı, beynəlxalq təcrübə ilə tanışlığı və yeni texnologiyaları mənimsəməsi üçün imkanların yaradılmasını vacib hesab edirik. Bu program vasitəsilə iştirakçıların peşəkar bilik və bacarıqlarını, beynəlxalq əlaqələrini genişləndirməklə yanaşı, Azərbaycan jurnalistikasının beynəlxalq media arenasında daha fəal təmsil olunmasına töhfə verməyi hədəfləyirik", - deyə "PAŞA Holding"in qrup üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya üzrə direktoru Aytac Muxtarzadə qeyd edib.