Bakı şəhəri, Xəzər rayonu, Əliağa Vahid küçəsində çirkab suyun yola toplanması ilə bağlı məsələyə Xəzər Rayon İcra Hakimiyyətindən cavab verilib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yağış və tullantı sularının toplanması, təmizlənməsi, təkrar istifadəsi, kənarlaşdırılması sahəsində fəaliyyətin tabeliyindəki qurum vasitəsilə həyata keçirilməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) vəzifələrinə aiddir.
Qeyd olunub ki, bu məsələ ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə ünvanlanmış müraciətə cavab olaraq bildirilib ki, problemin əsaslı həlli perspektiv layihəyə uyğun olaraq magistral kanalizasiya kollektorunun və toplayıcı şəbəkənin inşası ilə mümkündür:
"Həmçinin təqdim olunmuş məlumatda bildirilib ki, qeyd olunan tikinti-quraşdırma işlərinin dövlət investisiya proqramı çərçivəsində mərhələli icrası nəzərdə tutulub.
Sözügedən ünvanın yaxınlığında məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər mövcuddur. Bununla belə, məsələ ilə bağlı Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə də müraciət ünvanlanıb".
Bakı şəhərinin Xəzər rayonu, Əliağa Vahid küçəsində çirkab suyun yola toplanması sakinlərin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-a sakinlər tərəfindən şikayət daxil olub.
Bildirilib ki, mənbəyi məlum olmayan sular yola yığılaraq əraziyə yayılır. Nəticədə küçədə palçıq içərisindədir, ərazidə antisanitar şərait hökm sürür.
Sakinlərin sözlərinə görə, yaranmış vəziyyət həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinlik yaradır.
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.