Xəzərin hüquqi statusu ilə bağlı nazirlər səviyyəsində növbəti görüş keçiriləcək. Moskvada keçiriləcək görüşdə ilk olaraq işçi qrupun nümayəndə heyəti müzakirələr aparacaq. Yekun müzakirələrdən sonra Xəzəryani dövlətlərin xarici işlər nazirlərinin görüşü baş tutacaq.
Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, bu barədə açıqlama verən xarici işlər nazirinin müavini Xələf Xələfov Moskva görüşünün həmsədr dövlətlər üçün əhəmiyyətli olduğunu da bildirib. Moskva görüşü Xəzərin hüquqi statusu ilə bağlı yekun qərar üçün həlledici rola malikdir.
Qeyd edək ki, Xəzərin statusu ilə bağlı Rusiya, Azərbaycan və Qazaxıstan eyni mövqedən, İranla Türkmənistan isə başqa mövqedən çıxış edir. Ortaq razılığa gəlmək üçün tərəflər arasında keçirilən növbəti sammitin Qazaxıstanda baş tutması nəzərdə tutulur. Sözügedən sammitdə Rusiya və Azərbaycan Xəzərin hüquqi statusuna dair müzakirələri daha da konkretləşdirərək sammitə növbəti təkliflər irəli sürməyi hədəfləyir.
S.B.
www.oxu.az