İşəgötürənlər müəssisələrdə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına tam riayət olunması, işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməsi istiqamətində səylərini daim artırmalıdırlar.
Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə Xidmət tərəfindən “Təhlükəsiz iş aylığı” çərçivəsində “Azərkimya” İstehsalat Birliyində əməyin mühafizəsi ilə bağlı keçirilən məlumatlandırma tədbirində bildirib.
Onun sözlərinə görə, növbəti günlərdə də müəssisələrdə monitorinqlər davam edəcək:
“İşçilər üçün təhlükəsiz əmək şəraitinin təmin olunması hər bir müəssisədə ilk növbədə yerinə yetirilməsi vacib olan tələblərdən biridir və bu tələbə əməl olunmayan, əmək şəraiti işçilərin həyat və sağlamlığı üçün təhlükə doğuran müəssisələrin fəaliyyəti onlarda əməyin mühafizəsi sahəsində aşkar edilən nöqsanlar aradan qaldırılana qədər dayandırılır. Qarşıdakı dövrdə də iş yerlərində işçilərin həyat və sağlamlığına təminat verən əmək şəraitinin yaradılmasına yönələn təsirli tədbirlər davam etdiriləcək”.
F.Əlizadə qeyd edib ki, istehsalatda baş verən bədbəxt hadisələrin də sayı azalıb:
“Xidmət tərəfindən cari ilin yanvar-mart ayları ərzində istehsalatla əlaqəli 33 bədbəxt hadisə qeydə alınıb ki, bu da ötən ilin ilk rübü ilə müqayisədə 40 faiz azdır. Eyni zamanda bu hadisələr nəticəsində xəsarət alanların sayı 49 faiz azalaraq 25 nəfərə enib”.
Ötən ilin ilk rübündə istehsalatla əlaqəli qrup halında 10 bədbəxt hadisə baş verdiyi halda, cari ilin ilk üç ayında belə hadisə qeydə alınmadığını bildirən Xidmət rəisi əməyin mühafizəsi normalarının daha çox pozulduğu iqtisadi fəaliyyət sahələrini diqqətə çatdırıb:
“İqtisadi fəaliyyət sahələri üzrə istehsalatla bağlı bədbəxt hadisələrin daha çox tikinti sektorunda, emal və mədənçıxarma sənayesində, energetika sahəsində və nəqliyyat sektorunda baş verdiyi müəyyən edilib”.