İşdən qanunsuz çıxarılmış 65 nəfər əvvəlki işlərinə bərpa etdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-avqust ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 517139 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 90 faizi əməkhaqqı, 10 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.
Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 65 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.