Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Xilasedicilərin bir günü: “Uşağı ilə boğulan ata üzümə baxırdı ki, “məni xilas et” - REPORTAJ
1943-cü il təvəllüdlü yaşlı qadını dörd il eyni yerdən və eyni vəziyyətdən xilas etmişəm. Hər il qoluna hava ilə dolduran qolcuqları geyinib və küləyin istiqaməti dənizə olan zaman suya girib. Yaşlı olduğu üçün geri qayıda bilməyib. Bu il hələlik həmin qadın gəlməyib (gülür).
Bunu Oxu.Az-ın əməkdaşı ilə söhbətində Türkan Sularda Xilasetmə Məntəqəsinin xilasedicisi Amil Qədirov üzünü Xəzərə tutub bir istiqaməti göstərərək deyir.
Onlara xilaskar desək, yanılmarıq. Çünki bu peşə sahibləri insanların həyatını xilas etmək üçün öz həyatlarını riskə atırlar.
Mühərrikli xilasetmə qayığı ilə sahildən uzaqlaşırıq. Amil deyir ki, bu peşəyə sevgisi uşaqlıqdan yaranıb:
“Uşaqlığım elə dəniz sahilində keçib. Buzovnada doğulub böyümüşəm. Yeniyetmə vaxtından dənizdə üzməyə gələrkən insanların təhlükəsizliyi daha çox diqqətimi çəkirdi. Bu peşə mənə təhlükədən qorxmamağı öyrədib.
2006-ci ildən Fövqəladə Hallar Nazirliyində xilasedici kimi işləməyə başlamışam. Həmin vaxtdan indiyə kimi xilas etdiyim insanın sayını unutmuşam”.
Müşahidə qülləsi, nəzarətsiz qalan uşaqlar
Xilasedicilərin işi hər gün səhər saat 09:00-dan axşam 20:00-a qədər davam edir. Xilasetmə məntəqəsində 24 saat növbətçilik aparılır.
Məntəqədən 400 metr sağa, 400 metr sola və dənizə doğru çimərlik ərazilərinə nəzarət edilir. Eyni zamanda, müşahidə qülləsində bir nəfər olur. Bir saatdan bir müşahidə qülləsində növbə dəyişir.
Söhbətimiz əsnasında adıçəkilən qüllədən siqnal səsi gəlir.
“Demək, vətəndaş dənizdə üzmə sərhədini keçib. Xəbərdarlıq edilir ki, boğulma təhlükəsi ilə üzləşməsin”, - deyə xilasedici izah edir.
Amil Qədirov deyir ki, insanlarla işləmək çətindir:
“Valideynlər uşaqlarını nəzarətsiz buraxırlar. Uşaq uzaqlaşır, amma valideynin xəbəri olmur. Onların yanından 500-700 metr uzaqlaşmış uşağı tapıb gətiririk. Valideynlərə dəfələrlə xəbərdarlıq edirik. Amma heç bir nəticəsi olmur, uşaqlar nəzarətsiz qalır. Bəzən olur ki, insanlar maarifləndirici lövhələrin üzərinə paltar asırlar. Bir dəfə bir vətəndaş lövhəni yerdən çıxardı. Dedim ki, nə edirsən? Cavab verdi ki, maşını quma batıb, onu çıxarır”.
Öyrəndik ki, mühərrikli xilasetmə qayığı kimisə xilas edən zaman orada ən azı iki nəfər olmalıdır. Həmin şəxslərdən biri sükan arxasında əyləşir, digəri isə batanı xilas edir. Xilasedicilər boğulan şəxsi dənizdən çıxardıqdan sonra ona ilk tibbi yardım göstərilməli - süni nəfəs verilməli, ürəyi masaj olunmalıdır.
“Suda batan şəxs çöp də olsa, yapışır”
“Biz bu peşəyə yiyələnəndə insanlara ilk tibbi yardım göstərməyi öyrənirik. Qaydaları bilməmək xilas edilən şəxsin həyatını təhlükəyə ata bilər. İnsan suda batırsa, çöp belə olsa, ondan yapışır. Həmin batan şəxs hər şeydən tutmağa cəhd etdiyi üçün xilasedicini belə özü ilə suya darta bilər.
Biz bunları nəzərə alıb, iki və üç nəfərlə xilasetməyə çıxırıq. Bir qadın qeyri-çimərlik ərazisində boğulurdu. Biz onu xilas etdik. Süni nəfəs verilməli idi və mən süni nəfəs vermək istəyən zaman həyat yoldaşı məni itələdi. Bildirdi ki, mən onun arvadına süni nəfəs verə bilmərəm.
Mən öz işimi yerinə yetirdim. O insan başa düşmür ki, burada saniyə söhbəti var və qadın həyatını itirə bilər”, - deyə xilasedici danışır.
43 struktur bölmə
Xidmətin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlilinin sözlərinə görə, nazirliyin bu qurumu vətəndaşların həyatının qorunması üçün qarşıya qoyulan tələb və tapşırıqları tabeliyindəki 43 yerli struktur bölməsi vasitəsilə həyata keçirir:
“Bölmələr 24 saat növbətçilik sistemi ilə su hövzələrinin yaxınlığında fəaliyyət göstərir və sularda baş verə biləcək hər hansı hadisəyə operativ müdaxilə göstərmək üçün texniki avadanlıqlarla bərabər daimi hazır vəziyyətdə xidmət aparırlar. Bəzən bizə sual verirlər ki, niyə saat 23:00-dək yox, 20:00-a kimi işləyirsiniz? Çünki hava qaraldıqdan sonra suda görünüş olmur.
Hər hansı bədbəxt hadisə baş verərsə, xilasetmə işləri aparılması nəticə vermir. Xidmətin xilasetmə məntəqələri ilə yanaşı, dalğıc-axtarış qrupları da sutka ərzində fəaliyyət göstərirlər”.
Mərdəkan, Şüvəlan, Qızıl Qum...
“Bizim qurumun xilasedicilərinin səyi nəticəsində ötən il 304 nəfər suda boğulmadan xilas olunub. Təsəvvür edin, əgər bu 304 nəfərin batması nəzarətsiz və təhlükəsizlik tədbirləri görülməyən çimərliklərdə baş versəydi, ölüm hallarında nə dərəcədə artım qeydə alınardı. Bizim xidməti ərazimizdə heç bir ölüm hadisəsi qeydə alınmayıb.
Bakıda, əsasən, Mərdəkan, Şüvəlan, Qızıl Qum qəsəbəsi, Zuğulba, Mərdəkan və Pirşağı kimi çimərliklərdə suda boğulma hallarına daha tez-tez rast gəlinir. Bu hadisələr o zaman baş verir ki, həmin ərazilərdə təhlükəsizlik işləri görülmür, ora qeyri-nəzarətsiz ərazilərdir”.
Şöbə rəisi vətəndaşlara gedəcəyi çimərlik barədə məlumat toplamağı tövsiyə edir:
“Gedəcəkləri çimərlikdə xilasetmə məntəqəsi yoxdursa, üzmə sərhədlərini müşahidə edən nişanlar qoyulmayıbsa, bu, o deməkdir ki, həmin ərazidə təhlükəsizlik tədbirləri görülməyib və ən kiçik sudaboğulma riski bədbəxt hadisə ilə nəticələnə bilər.
Xəzər dənizi kifayət qədər mürəkkəb relyefə malikdir. Xəzərdə sualtı maneələr, sualtı borular, yarğanlar və axınlar var ki, bunlar birbaşa insan həyatı üçün təhlükəlidir. Biz xidməti ərazilərdə bu kimi təhlükə mənbələrini aşkar edir və həmin ərazilərə xüsusi nişanlar yerləşdirirk.
Xidmətin aidiyyəti struktur bölməsinin əməkdaşları çimərlik mövsümünə hazırlıqla əlaqədar yerli icra orqanları və çimərlik operatorlarının iştirakı ilə ölkə ərazisində fəaliyyət göstərən çimərliklərdə monitorinq keçiriblər.
Monitorinq zamanı çimərlik operatorlarına insanların sularda təhlükəsizliyini təmin etmək üçün Nazirlər Kabinetinin 216 saylı qərarından çıxarış olaraq bildirişlər təqdim edilib. Əfsus ki, bir çox çimərlik operatorları təhlükəsizlik tədbirlərini həyata keçirmirlər ki, sonda da bədbəxt hadisələr qaçılmaz olur”.
“Məni xilas et, batmağa qoyma”
10 ilə yaxındır xilasedici işləyən Elvin Mirzəyev deyir ki, suda batan şəxsin baxışlarındakı yalvarışı görəndə adam daha da cəsarətli olur:
“Bir gün bizə məlumat daxil oldu ki, Şüvəlanda meyit var. Hadisə yerinə gəldik və dərhal axtarış işlərinə başladıq. Hava şəraiti əlverişsiz olsa da, yenə də öz işimizi məsuliyyətlə və peşakarcasına yerinə yetirdik. Mən skuter götürüb sahildən bir qədər uzaqlaşdım ki, vizual axtarış edim. 15-20 dəqiqə sonra iş yoldaşım rabitə ilə mənə dedi ki, qayıt, hadisə yerində batan var.
Təsəvvür edə bilməzsiniz ki, mən hadisə yerinə qayıdıb, necə mənzərə ilə qarşılaşdım. İş yoldaşım suda iki uşağın qolundan tutub onları saxlamışdı, özü isə batıb-çıxırdı, amma onları batmağa qoymurdu. Bu mənzərə mənə həm dəhşətli gəldi, həm də qürurverici oldu. İş yoldaşımdan bir az aralıda bir uşaq da batırdı.
Mən əvvəlcə uşağın birini aldım ki, çıxararam. Bu zaman skuterin açarı dalğa nəticəsində çıxdı. Açar çıxan kimi mühərrik dayanır. Orada sərt təhlükəli qayalar var idi. Özümü itirmədim, uşağı xilas etdim. Yenidən hadisə yerinə qayıtdım. Suyun ortasında bir kişi dəhşətli baxışlarla yalvarırdı ki, “məni xilas et, batmağa qoyma”.
Qışqırdım ki, qorxma, bir az özünü ələ al, uşağı xilas edim, səni də çıxarıram. Sən demə, xilas olan uşaqlardan biri elə onun öz uşağı imiş. Sonda hər ikisi xilas oldu. Kişi bizə təşəkkür etdi. Peşəmiz çətin və şərəflidir. Bir xilasedici üçün ən vacib olan vicdan və insan sevgisidir”.
Aqşin Əlilinin sözlərinə görə, üzləşdikləri əsas problemlərdən biri odur ki, vətəndaşlar üzmək üçün nəzərdə tutulmuş əraziləri, üzmə şarlarını ötüb keçir:
“Sərxoş halda dənizə girirlər. Güclü küləkli havada, hündür dalğalı dənizdə, dalğanın hündürlüyü üç baldan artıq olan zaman çimməyin qadağan olunmasına baxmayaraq, bəzi vətəndaşlar həyatını riskə ataraq, özünə güvənmə instinkti ilə dənizə baş vururlar.
Ötən illərin statistikasına nəzər yetirsək, görərik ki, su hövzələrində boğulanların əksəriyyəti yeniyetmə, 18-26 yaş arası gənclərdir. İlk növbədə unutmaq olmaz ki, uşaq və yeniyetmələrin çimərliyə valideynsiz gəlmələri və ya suya nəzarətsiz daxil olmaları ilkin təhlükə yaradan amildir.
Eyni zamanda, uşaqların çimərlik ərazisində qoyulan tələblərə, qaydalara əməl etməmələri həm onların, həm də digər istirahət edən vətəndaşların həyatını təhlükə qarşısında qoyur. Çimərlikdə fəaliyyət göstərən xilasedicilərin xəbərdarlıqlarına məhəl qoymayan uşaqlar həm də onların fikirlərini cəlb etməklə görüləcək təhlükəsizlik tədbirlərinin də kefiyyətini aşağı salır.
Təəssüf ki, bəzən uşaqlarla çimərliyə gələn valideynlər sonradan öz istirahətlərinə aludə olub onları unudurlar. Çimərlik ərazisində sipirtli içki qəbul edən və ya sərxoş vəziyyətdə çimərliyə gələn insanları da real təhlükə mənbəyi hesab etmək olar”.
Dənizdə skuter sürməyin xüsusi qaydası var?
Şöbə rəisi qeyd edib ki, qanunvericiliyin tələbinə görə, kiçikhəcmli gəmilərin çimərlik ərazisinə daxil olması qadağandır:
“Kiçikhəcmli gəmi sahibləri yalnız onlar üçün ayrılmış xüsusi zolaqda hərəkət etməli, gəmilərin qeydiyyat sənədi və onu idarə edən şəxsin sürücülük vəsiqəsi olmalıdır. Eyni zamanda, skuter idarə edən şəxs və sərnişinlər istismar zamanı mütləq şəkildə xilasedici canlıq geyinməlidirlər.
İlhamə Əbülfət
FOTO: Valeh Arifoğlu
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda erməni görsəniz, nə edərsiniz? - Sakinlər arasında maraqlı SORĞU
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
Rəylər