Abşeronda küçə itləri insanlara təhlükə yaradır.
Oxu.Az xəbər verir ki, söhbət Abşeron rayonu, Xırdalan şəhərindəki yaşayış komplekslərindən birinin yerləşdiyi ərazidən gedir.
Vətəndaş iddia edir ki, küçələrdə sahibsiz itlərin sayının artması onları narahat edir:
“İnsanların istirahəti üçün ayrılan ərazilərdə onlarla it toplaşır, hürür, uşaqlara, yaşlılara təhlükə yaradır. Xahiş edirik, aidiyyəti qurumlar bu problemin həlli üçün zəruri addımlar atsınlar”.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, icra hakimiyyəti tərəfindən mütəxəssislərin də rəyi nəzərə alınmaqla, Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb:
“Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub. Tərəfimizdən layihənin smeta xərcləri işlənilib-hazırlanıb, bu layihənin tikintisi üçün də maliyyə vəsaiti ayrılıb. Bütün bu işlərə paralel olaraq mərkəzin spesifik xüsusiyyətləri nəzərə alınmaqla tərəfimizdən mərkəzin tikintisinin aparılacağı torpaq sahəsi müəyyən edilib.
Hazırda aidiyyəti qurumlarla birgə həmin torpaq sahəsinin sənədləşdirmə işləri həyata keçirilir. Sənədləşmə işləri artıq son mərhələdədir. Bu işlər başa çatdıqdan sonra mərkəzin tikintisinə başlanılacaq”.
Könül Cəfərli
Rəylər