Xırdalan şəhərində, yolun ortasında standartlardan kənar yerləşdirilmiş kanalizasiya lükünün yaratdığı problemin aradan qaldırılması üçün müvafiq işlər görüləcək.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
"Xırdalan şəhəri, Həsən Əliyev küçəsində müşahidə olunan vəziyyətlə bağlı əraziyə Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin qəza qrupu tərəfindən baxış keçirilib, problemin aradan qaldırılması üçün müvafiq işlərə başlanılacaq", - deyə məlumatda bildirilir.
Xırdalan şəhərində yolun ortasında standartlardan kənar yerləşdirilmiş kanalizasiya lükü yol-nəqliyyat hadisəsinə səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü paylaşılıb.
Bildirilib ki, hadisə Qafqaz Universitetindən Xırdalana gedən, sürücülər arasında "çöl yol" kimi tanınan, Həsən Əliyev küçəsində baş verib. Həmin yolda kanalizasiya lükünün asfalt səthindən xeyli aşağıda yerləşməsi səbəbindən yaranmış çalaya düşən motosiklet sürücüsü idarəetməni itirərək yıxılıb və xəsarət alıb.
Motosiklet sürücüsünün sözlərinə görə, hərəkət zamanı yolun ortasında belə bir çökəyin olduğunu görmək mümkün olmadığı üçün o, həmin çuxura düşüb və arxadan gələn avtomobillərin altında qalmaqdan son anda xilas ola bilib.
Müzakirələrə qoşulan digər sürücülər problemin yeni olmadığını bildiriblər. Onların sözlərinə görə, sözügedən ərazidə kanalizasiya lükü uzun müddətdir bu vəziyyətdədir.
"Bir dəfə mənim də avtomobilimin sol təkəri həmin yerə düşmüşdü. Burada lük yol səviyyəsinə uyğunlaşdırılmalıdır ki, daha ağır hadisələr baş verməsin", - deyə şikayətlərdən birində qeyd olunub.
Əzizə İsmayılova