Abşeron Gənclər Şəhərciyinin sakinləri ərazidə qanunsuz yolbənd quraşdırılması ilə bağlı Baku TV-nin qaynar xəttinə müraciət ediblər.
Sakinlərin sözlərinə görə, həmin maneə həm orada yaşayanlara, həm də əraziyə gələn digər vətəndaşlara çətinlik yaradır. Bundan əlavə, ərazidə avtomobil saxlanılması üçün vətəndaşlardan yüksək məbləğdə pul tələb olunduğu bildirilir. Şikayətçilər bu ödənişlərin hansı hüquqi əsasla yığıldığının qaranlıq qaldığını vurğulayırlar.
Eyni zamanda, ərazidə bank girovunda olan bəzi obyektlərdən qanunsuz istifadə edildiyi də iddia olunur.
Şikayətçi Fəqani Qəhrəmanov məsələ ilə bağlı narazılığını belə ifadə edib:
"Bura bizim yaşadığımız ərazidir. Məlum oldu ki, sözügedən qaraj bankın girovundadır. Nicat Məmmədov adlı şəxs ödənişin onun şəxsi kartına köçürülməsini tələb etdi. Mən ondan rəsmi qəbz istədikdə mənfi reaksiya verdi. Həmçinin ərazidə tamamilə qanunsuz yolbənd də quraşdırıblar".
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən qeyd olunan ünvana baxış keçirilib. Nəticədə məlum olub ki, Abşeron rayonu, Xırdalan şəhəri, "Abşeron Gənclər Şəhərciyi" adlanan çoxmərtəbəli yaşayış kompleksinin arxa hissəsində, yaşayış kompleksinin birbaşa həyətyanı sahəsi olmayan ərazidə sahibkara məxsus yeraltı avtodayanacaq kimi istifadə olunan sahənin giriş hissəsinin qarşısında dayanacağın fiziki mühafizəsini təmin etmək məqsədilə quraşdırılan avtomatik çəpərləmə qurğusu - şlaqbaum binanın həyətyanı sahəsinə heç bir maneə yaratmadığı üçün yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması əməkdaşlar tərəfindən müşahidə olunmur.