Respublika Perinatal Mərkəzinin binasının qapıları iki ildən artıqdır ki, bağlıdır, pəncərələrini isə toz basıb.
Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, minlərlə ailə məhz bu mərkəzdə sağlam övlad sahibi olub.
Mərkəzdə illər ərzində yüksək ixtisaslı ginekoloqlar, neonatoloqlar, reanimatoloqlar və təcrübəli tibb bacılarından ibarət güclü peşəkar komanda formalaşıb. Bu sahədə uzun illər aparıcı rol oynamış Respublika Perinatal Mərkəzinin iki ildən artıq müddətdə tam fəaliyyət göstərməməsi isə ciddi suallar doğurur.
Maraqlıdır ki, 2024-cü ildə baş verən yanğın nəticəsində yararsız hala düşən və bu il təmir olunması gözlənilən tibb müəssisəsində hələ də təmir işlərinə başlanılmayıb.
Binanın hər iki giriş qapısının şüşəsindən içəriyə nəzər saldıqda dəhlizlərin boş, oturacaqların isə istifadəsiz qaldığı görünür.
Ərazidəki əməkdaşların sözlərinə görə, hazırda binanın yalnız birinci mərtəbəsində şöbələrdən birinin fəaliyyəti bərpa edilib.
Mərkəzin gələcək fəaliyyəti ilə bağlı Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb. Lakin hər iki qurumun cavabında Respublika Perinatal Mərkəzinin gələcək fəaliyyəti barədə konkret məlumat verilməyib.