Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynovun şəhər ictimaiyyətinə təqdimatı keçirilib.
Bu barədə Milli Məclisin deputatı Emin Hacıyev “Facebook”da paylaşım edib.
“Tədbirə başlamazdan əvvəl Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə birlikdə müasir müstəqil Azərbaycanın memarı və qurucusu, YAP-ın yaradıcısı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət etdik, abidənin önünə güllər düzərək xatirəsini ehtiramla yad etdik.
Daha sonra Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında Ramiz Hüseynov idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələrinə təqdim edildi", - Emin Hacıyev qeyd edib.
“Keçirilən təqdimatda çıxış edərək Yeni Azərbaycan Partiyasının nəinki ölkəmizin, hətta regionun-Cənubi Qafqazın ən iri və sayca ən çox üzvü olan partiyası olduğunu və bu baxımdan üzərimizə gələcək nəsillərə sağlam cəmiyyətin ötürülməsi kimi mühüm vəzifənin düşdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırdım.
Eyni zamanda Patiyamızın pandemiya dövrü aztəminatlı ailələrə göstərdiyi dəstək, həyata keçirdiyi maarifləndirici tədbirlərdən söz açdım. Ölkəmizdə son illər həyata keçirilən islahatlar hakimiyyətin bütün sahələrində olduğu kimi hakim partiyanın işinə də öz tövhəsini verdiyini və bu baxımdan hər birimizin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə keçid aldığını qeyd etdim.
Həm İcra Hakimiyyətinin, həm şəhər ictimaiyyətinin, həm deputatların başlıca vəzifəsinin ölkə başçısı, partiya sədri cənab İlham Əliyevin etimadını doğrultmaq və bütün imkanlarımızla ölkə vətəndaşlarının rifahına xidmət etmək olduğunu bildirdim.
YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynova fəaliyyətində uğurlar arzulayıram”, - deputat vurğulayıb.