1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinin fəaliyyətinin dayandırılması ilə bağlı iddialara aydınlıq gətirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinin inzibati binasının istismara yararsız vəziyyətdə olması ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, TƏBİB və Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən binaya baxış keçirilib.
Qeyd olunub ki, müvafiq şöbələrin təmirə yararsız olması ilə bağlı aidiyyəti qurumlar tərəfindən rəy verilib.
Bildirilib ki, vətəndaşların tibbi xidmətlərə əlçatanlığının və fasiləsiz tibbi xidmətin təmin olunması məqsədilə müəssisənin stasionar fəaliyyət göstərən Dəri şöbəsi Hövsan Sağlamlıq Mərkəzinin inzibati binasında ayrılmış şöbəyə köçürülüb.
Eyni zamanda, stasionar tibbi xidmət göstərən İnfeksion şöbənin fəaliyyəti ilə bağlı vətəndaşlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində müvafiq göndərişlərlə təmin olunurlar.
Qeyd edilib ki, tibb müəssisəsinin Ambulator poliklinika şöbəsi isə fəaliyyətini tam olaraq davam etdirir.
1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinin fəaliyyətinin dayandırılacağı iddia olunur.
Oxu.Az-a daxil olan məlumata görə, təxminən bir ay əvvəl dispanserin Yoluxucu və Dəri şöbələri Hövsan qəsəbəsində yerləşən xəstəxanaya köçürülüb.
Məlumatda vurğulanıb ki, hazırda müəssisədə yalnız Poliklinika şöbəsi fəaliyyət göstərir.
Qeyd olunub ki, dispanserin baş həkimi məzuniyyətə getməzdən əvvəl müəssisənin də bağlanacağını bildirib:
"Əmri gözləyirik, bura da bağlanacaq".
Məlumata əsasən, dispanserdə mövcud şərait qənaətbəxş deyil, binanın vəziyyəti yararsızdır. Bağlanma səbəbi şəraitlə bağlıdır.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.