Fövqəladə Hallar Nazirliyi (FHN) Yasamalda çoxmənzilli binada baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
Qurumdan Oxu.Az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzilin yanar konstruksiyaları, onuncu mərtəbədə yerləşən mənzilin eyvanında kombi aparatının boruları, 1 m² sahədə məişət tullantıları, həmçinin 11-ci mərtəbədə yerləşən mənzilin eyvanında 1 m² sahədə məişət tullantıları yanıb.
Yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində 25 nəfər bina sakini təxliyə olunub.
Xəsarət alan yoxdur.
Yasamal rayonunda yerləşən çoxmənzilli binada mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Oxu.Az-a FHN-dən bildirilib.
Yanğının törətdiyi fəsadlar barədə məlumat verilməyib.
Bakı şəhərinin Yasamal rayonunda çoxmənzilli binada güclü yanğın başlayıb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə Yasamal rayonunda yerləşən çoxmənzilli binada mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
