Bakının Yasamal rayonunda yanvarın 9-da eyvanı çökən beşmərtəbəli binanın sakinləri yaranmış vəziyyətdən narahatdır.
Oxu.Az-a şikayət ünvanlayan sakinlər bildiriblər ki, binanın ciddi təmirə ehtiyacı var.
Onların sözlərinə görə, nəinki eyvanlar, binanın damındakı daşlar, həmçinin fasad örtüyü qoparaq yerə tökülür:
"Bu, sakinlərin həyatı üçün təhlükəli vəziyyət yaradır. Blokun divarlarına təhlükəli vəziyyətlə əlaqədar eyvanlara çıxmamaqla bağlı xəbərdarlıq yapışdırılıb. Hər an təhlükə ilə üz-üzəyik".
Qeyd edək ki, sözügedən bina Xəzər Dəniz Gəmiçiliyinin işçiləri üçün tikilib.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən Oxu.Az-a bildirilib ki, sözügedən yataqxana 2015-ci ildə qurumun mənzil fondundan çıxarılıb.
157 saylı Mənzil İstismar Sahəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, yataqxana binası 1957-ci ildə tikilib. Binanın qəzalı olması barədə hazırda rəy mövcud deyil.
Həmçinin vurğulanıb ki, hazırda binada təhlükəli halın qarşısının alınması istiqamətində cari tədbirlər görülür. Yalnız müəyyən rəydən və qərardan sonra əsaslı təmir-bərpa işləri görülə bilər.
Aygün Mirakif