Bu səhər Bakının Yasamal rayonunda hündürmərtəbəli binanın damı ikinci dəfə uçub.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, hadisə Z.Əhmədbəyov küçəsi, ev 2/29 ünvanında baş verib.
Güclü külək nəticəsində hündürmərtəbəli binanın metal örtüyünün bir hissəsi dağılıb və uçub. Xoşbəxtlikdən insan tələfatı olmayıb.
Bu, həmin yerdə baş verən ikinci bu cür hadisədir. Birinci dəfə yanvarın 29-da dam uçub. Yeni tikili binanın damı uçaraq iki bina arasına düşüb. Bu keçiddən yaxınlıqdakı binaların sakinləri və çoxsaylı ofislərin əməkdaşları istifadə edir.
O zaman uçan dam örtükləri həyətdə park edilən avtomobillərə ziyan vurub. Metal konstruksiyaların bir hissəsi həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısındakı yolun keçid hissəsinə düşüb.
Hadisə nəticəsində yoldan keçən şəxs xəsarət alıb. Onun üzərinə damın ağac konstruksiyası düşüb.
Xatırladaq ki, hadisənin baş verdiyi yerdəki qonşu binada SalamNews İnformasiya Agentliyi və İnterAz telekanalının redaksiyası yerləşir.