İyunun 20-də “Azərkitab” Kitab Təbliğatı Mərkəzində “Təqaüdə çıxmış insanların asudə vaxtlarının təşkili” adlı sosial layihə çərçivəsində psixoloqlarla görüş keçirilib.
Oxu.Az xəbər verir ki, layihə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ailələrin İnkişafı üzrə Maarifləndirmə” İctimai Birliyi tərəfindən həyata keçirilir.
Layihənin əsas məqsədi ahıl yaşlı insanların cəmiyyətin həyatında və onların həyatının keyfiyyətinin yüksəldilməsində fəal iştirakına dəstək göstərməkdən ibarətdir.
Yekun görüş layihənin iştirakçıları ilə üç ay ərzində birgə işləyərək onlara müxtəlif məsələlərlə bağlı məsləhətləri vermiş psixoloqlar Samirə Axundova və Günel Əliyeva tərəfindən keçirilib. Yekun görüşün mövzusu “Ailədə nəsillərin münasibətləri” olub.
“Bütün həyat boyu insan statusların “buketini” yığır - əvvəl uşaq, sonra ər və arvad, ata və ana, daha sonra da baba və nənə. Nəticədə qohumlar arasında mürəkkəb, bir çox hallarda gərgin münasibətlər mənzərəsi yaranır”, - deyə mütəxəssislər bildirirlər.
Müasir ailədə müxtəlif nəsillər arasındakı münasibətlər necə olur? Nəvələrlə qocalar arasındakı ünsiyyət nə qədər əhəmiyyətlidir? Treninq təşkilatçıları iştirakçılara ailədə nəsillərarası münasibətlərə həsr olunmuş bu və digər məsələləri müzakirə etməyi təklif etdilər.
Yekun psixoloji treninqdə 60-dan 80 yaşına qədər olan 50 nəfər iştirak edib.