Azərbaycan Yazıçılar Birliyinə verilən 9 mənzildən 5-i satılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Yazıçılar Birliyində ev bölgüsü ilə bağlı yaradılmış komissiyanın sədri Rauf Aslanov deyib. O bildirib ki, hazırda 4 mənzil satılmamış qalıb:
“5 mənzil satılıb. Onların kimlərə satılması məsələsinə biz müdaxilə etmirik. Mən mənzil komissiyasının sədri kimi məlumatları verdim. Sonra onlar özləri araşdırmalıdır. Guya MTK-nın sədri onlara kömək edib və MTK-nın əleyhinə olaraq bu mənzillər satılıb. Satışa biz müdaxilə etmirik. Cəmi dörd mənzil qalıb. Onlar mənzilləri özləri satırlar, pulları da öz aralarında bölürlər”.
Qeyd edək ki, bu mənzillər AYB-ə “Abidə” MTK şirkəti tərəfindən verilib. Yazıçılara verilən 9 mənzilin hər biri 105 kvadratmetr olmaqla iki otaqdan ibarətdir. AYB isə bu mənzilləri 36 yazıçı arasında bölüşdürmək qərarına gəlib. Ona görə də mənzillərin satışa çıxarıldığı bildirilir.