Bu dünyanın dəyişilməyən tək qaydası doğumdan ölümə doğru gedən yoldur. Zaman axır, heç kimi gözləmir. Hər birimizin gedəcəyi yer isə məzardır. Bu gün çoxları yaşamağın, sosial durumun o qədər də ürəkaçan olmadığından giley-güzar edirlər. Lakin bu gün sizinlə bölüşəcəyimiz mövzu onu deməyə imkan verir ki, ölmək yaşamaqdan da baha başa gəlir.
Tez-tez qarşımıza hər cür elanlar çıxır. Lakin məzar daşı ilə bağlı elanlar bir qədər təəccüb doğurur.
“Hər növ məzar, qəbir, heykəl daşlarının sifarişinin qəbulu və həyata keçirilməsi (mərmər, qranit, porfir, ağ daş və s.). Çatdırılma və quraşdırılma pulsuzdur”.
Şəhərdə qəbiristanlıqda sadə, dəbdəbəli, qırmızı, qara mərmərdən xeyli məzar daşları var. İlkin eşitdiyimizə görə, qara mərmərdən hazırlanan məzar daşları beş min manata, abidə düzəltdirmək isə 10 min manata başa gəlir.
Pandemiyadan sonra mərmərlərin ölkəyə gətirilməsi qiymətləri də bahalaşıb. Bu da öz növbəsində məzar daşı sifarişlərinə təsirsiz ötüşmür.
Adam heç bilmir ki, bu sahədə çalışanlara “Allah işinizi avand eləsin” desin, yoxsa deməsin. Onların da çörəyi ölənlərdən çıxır.
Maraqlıdır, belə bahalıq fonunda məzar daşlarının sifarişində artım var, ya azalma? Abidələr, yoxsa sadə məzar daşlarının sifarişləri üstünlük təşkil edir? Ən bahalı məzar daşı hansı materialdan hazırlanır?
Oxu.Az məzar daşı hazırlayan Müşfiq Aslanovla müsahibəni təqdim edir.
Müşfiq bəyin 54 yaşı var. Yeddinci sinifdən rəssamlıqla məşğul olsa da, 32 ildən çoxdur ki, məzar daşı hazırlayır. Özü də ikinci qrup Qarabağ əlilidir.
- Dünyanın heç bir ölkəsində qəbir daşına bu qədər pul xərclənmir. Bizdə buna maraq nədən irəli gəlir?
- Biz insanlar istənilən mövzuda bir-birimizlə bəhs aparmağı sevirik. İnsan dünyadan köçəndən sonra edilənlərin heç birinin ona onsuz da faydası yoxdur.
- Bu daşların bir-birindən fərqi nədir?
- Elə daşlar var ki, yumşaq, eləsi də var, bərkdir. Onların tərkibində kömür, dəmir var. Dəmirin faizindən asılı olaraq keyfiyyətlilik fərqi də yaranır.
- Azərbaycanda sifarişlər, tələbat daha çox hansı daşlaradır?
- Ukrayna daşlarına tələbat daha çoxdur. Mövcud vəziyyətlə əlaqədar bir qədər həmin daşların əlçatanlığı və qiymətində də fərqlər yaranıb.
- Bu gün məzar daşlarında çatışmazlıq hiss olunur?
- Bəli, bu gün ölkədə məzar daşları azdır. Çünki işlər gecikir, sifarişlər qalır. Bir müddətdir ki, sifarişlər vaxtında çatdırıla bilmir. Ölkədə iki ay bundan qabağa qədər mərmər tapılmırdı. İndi nisbətən tapılır. O da daş ölkəyə birbaşa gəlmədiyi üçün həm gec çatdırılır, həm də yol xərci baha olduğundan alış qiymətinə də təsir edir.
- Qiymətlər hansı aralıqda dəyişir?
- Bilirsiniz, bunu konkret demək olmur. İnsan var, abidə ucaldır, insan var, sadə ağ daş qoyur, insan da var, qara mərmərdən sifariş verir. Bu detallara görə qiymətlər dəyişir. Ortalama aqlay daşlardan verilən sifarişlər 2000 manatdan başlayır, 100 minə, hətta daha yüksək məbləğə qədər gedib çıxır.
İnsan var ki, heykəl düzəldilməsini istəyir. Biri ayaq üstə, biri oturaq vəziyyətdə. Müxtəlif cür olur. Sifarişçinin istəyindən asılı olur və qiymət hesablanır, ona deyilir.
- Ən bahalı daş hansı hesab olunur?
- Ən bahalı daş qırmızı daşlardır. Rusiyanın Kaluqa vilayətindən gəlir.
Əldə etdiyimiz məlumatlara görə, Rusiya-Ukrayna müharibəsindən əvvəl Ukraynadan gətirilən daşların qiyməti orta hesabla 2500 dollara başa gəlirdisə, bu gün rəqəm 5000 dollara qədər artıb.
- Ən sadə və belə deyək, kasıb təbəqənin ölüsü üçün məzar daşı düzəltməsi nə qədər vəsait tələb edir?
- Sadə aqlaydan minimum 1200-1300 manata məzar daşı düzəltdirmək mümkündür.
- Bəs siz necə düşünürsünüz, məzar daşına şəkil vurmaq lazımdır, yoxsa yox? Bəzi ilahiyyatçılar bunun yanlış olduğunu deyirlər.
- Mən ümumiyyətlə əvvəl dinə çox inanırdım, amma bəzi belə xurafatları din adı ilə istifadə etdiklərini gördükdən sonra dinə inamım da azaldı. Doğrudan deyirəm. Dindarlar ki var e, bu olmaz, o olmaz deyib camaata öyüd-nəsihət verirlər, adlarını çəkmirəm, amma elə onlar özləri öz yaxınlarına elə təmtəraqlı məzar daşı düzəltdirirlər ki, adamın ağzı uçuqlayır. Bəs dində icazə yoxdursa, onlar niyə edirlər? Ümumiyyətlə, dində bunun qadağan olunduğu, günah olduğu harada yazılıb?
Sözüm hamısına aid deyil, amma bəziləri ki, gedib otururlar məscidlərdə, onların qazancı, bu lüks şəraiti haradan gəlir? Bir onları müzakirə etsinlər.
- İndiyədək sifariş aldığınız ən təəccüblü məzar daşı şəkli hansı olub?
- Elə təəccüblü bir sifariş olmayıb. Sadəcə olaraq, sifarişə baxırıq, zəhmət haqqına baxırıq. Bizi də, qarşı tərəfi də qane edirsə, işləyirik. Bizə nə dəxli var, kim at üstündə şəkil verir, kim ayaq üstə, kim kresloda? Fərq etmir.
- Sağ ikən başdaşı düzəltdirən müştəriniz olub?
- O qədər… Elə adam var ki, bu gün imkanı var, özünə başdaşı düzəltdirir ki, sabah öləndə övladlarına, ailəsinə yük düşməsin. Yasamal qəbiristanlığının özündə yer tanıyıram ki, hasarlanmış məzarlar var, içi boşdur. Beş məzardır, ikisi heykəldir, üçü boşdur. Məzarın üzərində yalnız ölüm tarixi yoxdur. Hər şey hazırdır. İnsanlar öləndə sinədaşını götürüb, mərhumu qəbirə qoyub, sinə daşını bərkidəcəklər, vəssalam.
- Belə insanlar, sizcə, ölümü səsləmirlərmi?
- Düşünmürəm ki, elə bir şeydir. Bu, daha çox, imkan məsələsidir. 2005-ci ildə bir müştərimiz var idi. O da elə etmişdi. Yəni bu, yeni adət deyil. Düzdür, bizdə qonum-qonşuda gördüyümüz hər şeyə görə bəhs edirik ki, bizdə ondan da yaxşı olsun. Amma bu bir az bəhs ediləsi məsələ deyil.
Mən şəxsən öz atama türklər kimi sadə məzar daşı düzəltmişəm. Mənə ailəmiz dedi ki, başqa cür edək, xatirə yazdıraq, dedim yox. Lazım deyil. Xatirə yazdırmaq məsələsini də mən başa düşmürəm. Bu düşüncə mənə çatmır.
- Bir məzar daşını işləmək, təhvil vermək nə qədər müddətə başa gəlir?
- Şəkildən çox şey asılıdır. Elə işlər var ki, detallar azdır, bir günə də işləmək olur. Elə şəkil var ki, keyfiyyətsiz olur, biz onu böyüdəndə cizgilər itir. İşləyəndə də insanın üzündəki cizgilər itdiyi üçün tam özünə oxşamır.
Kompüterdə şəkli düzəldən adamlar cizgiləri düzgün qoya bilmirlər. Yaşlı insan cavana, cavan insan yaşlıya oxşayır.
- Heç olub ki, sifariş verilən məzar daşına işlənən şəkil mərhuma oxşamayıb, sifarişçi qəbul etməyib?
- Bəli, olur belə hallar. O zaman daş təmizlənir, yenidən işlənir.
- Bəs daşın nazikləşməsi keyfiyyətini azaltmır?
- Standart daşın qalınlığı 12 sm olur. Hər dəfə pozulanda üç-dörd mm nazilir.
- Heç olub ki, ölünün şəkilləri qarışsın?
- Olub, amma bizdən asılı olmayan səbəblərdən. Sifarişi müdiriyyət götürür, kitaba qeyd edir. Verilən fotoda kimin rəsmi məzar daşına işlənəcəksə, onun arxasına işarə qoyur. Bir dəfə sifariş götürəndə ölünün yerinə dirinin şəklinə işarə qoymuşdu. Bizə də gələndə nə verilirsə, onu işləyirik. Biz də diri adamın şəklini işlədik, onun ad-soyadını yazıb, daşı təhvil verdik.
Sifarişi götürməyə gələn adamın da yumor hissi varmış. Daha neyləsin, olub da. Dedi ki, şəkli kim işləyibsə, qəşəng işləyib, amma o, ölənə oxşamır. Ölən qardaşımdır, mənim şəklimi işləmisiniz.
Hətta bir dəfə daşı götürəndə baxan adam diqqət etməyib, daşı aparıb Füzuliyə, quraşdırıb. Sonra baxıblar ki, şəkil mərhumundur, ad-soyad başqa adamın. Mən bir də Füzuliyə gedib məzarlıqda onu yenidən işləmişəm. O da müdiriyyət ilə sifarişçi arasında anlaşılmazlıqdan yaranıb.
- Sizin məsuliyyət harada bitir?
- Mən məzar daşına şəkli işləyib bitirdikdən, sifarişçi baxıb təhvil aldıqdan sonra mənim işim bitir.
- Məzar daşlarında yazılar, şəkillər bəzən silinir, ya da solur. Bu nə ilə bağlıdır?
- Bu daşların ömrü çox uzundur, kənar müdaxilə olmasa, yazılar da, foto da silinə bilməz. Bəzən gəlib məzar daşını öpürlər. Dodaq boyası şəklə düşür, başlayır pozulmağa. Bu daşlar yağı sevmir. Yaxşı parıldasın deyə su ilə yuyub, yağlı əski ilə silirlər. Bu olmaz. Ziyandır. Əlbəttə ki, şəkil də silinəcək, yazı da. Bu barədə biz dəfələrlə müştərilərə deyirik.
- Xaricdən sifarişlər alırsınız?
- Bəli, olub. Xaricdə yaşayan soydaşlarımız olub ki, sırf əl işi ilə işlənmiş məzar daşı istəyiblər. Sifariş götürüb getmişik.
Könül Cəfərli
Daha çox foto burada: Photostock.az
Rəylər