Azərbaycan bizim qonşumuz olmaqla yanaşı, həm də tarixi dostumuzdur.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın müdafiə naziri İrakli Alasaniya bu ölkədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
İ.Alasaniya bildirib ki, bugünkü səfər iki dövlət arasında əlaqələrin möhkəmləndirilməsinin, inkişafının bir daha nümunəsidir:
“Biz görüşümüzdə iki ölkə arasında hərbi əməkdaşlıq, hərbi sənaye sahəsində əməkdaşlıq, ikitərəfli formatda əməkdaşlıq haqqında müzakirələr apardıq. Biz həmçinin üçtərəfli formatda Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı məsələlərinə dair söhbətlər etdik. Fürsətdən istifadə edib Azərbaycanın Respublika Günü münasibətilə həmkarımı və Azərbaycan xalqını təbrik edirəm, Azərbaycana daimi müstəqillik, inkişaf arzulayıram”.
“Çox səmimi bir qəbul oldu. Cənab nazir tam düzgün dedi ki, bizim çox dərin tarixi əlaqələrimiz var”.
Bu sözləri Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov həmkarı İrakli Alasaniya ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycanla Gürcüstanın bütün sahələrdə çox sıx əlaqələri var:
“Bütün istiqamətlər üzrə əməkdaşlığımız inkişaf edir. Beynəlxalq qurumlarda Azərbaycan və Gürcüstanın mövqeləri üst-üstə düşür və eynidir. Biz minnətdarlıqla qeyd edirik ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü tanıyır. Bütün istiqamətlərdə olduğu kimi, biz hərbi sahədə də əməkdaşlığı gücləndiririk. Bunun üçün geniş imkanlar var.
Hərbi, hərbi-texniki təhsil sahəsində imkanlarımız böyükdür. Cənab İrakli Alasaniya qeyd etdi ki, bizim Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığı sahəsində də böyük imkanlarımız var. Biz bu istiqamətdə güclü işləyəcəyik. Əminəm ki, bu, üç dövlətin xeyrinə olacaq. Mən də fürsətdən istifadə edib Gürcüstan xalqına əmin-amanlıq və sülh arzulayıram”.