Ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına hələ də rast gəlinməkdədir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman verilmiş icazələrdən sui-istifadə edən, SMS sistemi vasitəsilə gün ərzində bir neçə dəfə ayrı-ayrı kodlarla icazə alan, eləcə də icazə üçün müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq, küçədə hərəkətinə davam edən şəxsləri müəyyən ediblər.
Qaydaları pozduqları üçün həmin rayon sakinləri - Tural Məmmədov, Çingiz Həsənov, Ramin Sultanov, Nəcəf Süleymanov və Tərlan Ramazanov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub və onlar cərimə ediliblər.