Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Zəfərin, qürurun məkanı: Düşmənə gözdağı olan Hərbi Qənimətlər Parkından FOTOREPORTAJ
Azərbaycan xalqının sona çatan 30 illik Vətən həsrəti… Azərbaycan Ordusunun 30 illik səbrini tükədən və 44 günlük Vətən müharibəsinin başlamasına səbəb olan düşmən təxribatı.
Bax, bu gördüyünüz mənzərə 44 günlük müharibədə Azərbaycanın igid oğullarının düşmənə qan uddurmasının hələ bir hissəsdir.
Bəli, doğru bildiniz. Bura, 2021-ci ilin yanvar ayından etibarən inşasına başlanılan Xətai rayonu, 8 Noyabr prospektində (Nobel prospektində) yerləşən zəfərin, qələbənin, qürurun məkanı olan Hərbi Qənimətlər Parkıdır.
Gördüyünüz bu insanlar Azərbaycan ordusunun gücünü görmək üçün növbəyə düzülüb. Bu gündən etibarən artıq Hərbi Qənimətlər Parkına vətəndaşların ziyarəti başlayıb.
Parkın girişində yerləşdirilən dəmir arakəsmələr insanların sosial məsafəni qoruyaraq, müvafiq növbə ilə içəri girməsinə rahat şərait yaradır.
Parkın girişində ilk olaraq göy səmada dalğalanan, üçrəngli bayrağımız görünür.
Onu da qeyd edim ki, ziyarətçilər parka daxil olmazdan öncə girişdə hərarətləri ölçülür. Tibbi maskalardan təyinatı üzrə istifadə etmələri tapşırılır. Tibbi maskası olmayan şəxslərin içəriyə girişi qadağandır.
Daha sonra kassaya yaxınlaşıb bilet alınır. Bir nəfərin Hərbi Qənimətlər Parkına girişi 2 manat, şəhid ailələri, qazilər və 6 yaşınadək uşaqların girişi ödənişsiz, əcnəbilər üçün giriş isə 10 manatdır. Parkda olan hərbi qənimətlər barədə ətraflı məlumat istəyən şəxslərə bələdçi təyin edilir ki, bələdçi ilə gəzinti üçün 20 manat ödənilməlidir.
Beş hektarlıq qələbə qoxan Parkı gəzməyə başlayırıq. Qənimətlərin sıra ilə düzüldüyü ərazidə “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikaları görürük.
Parkı ziyarət edənlər hərbi texnikalar barədə məlumatlı olsun deyə hər bir texnikanın qarşısında lövhə yerləşdirilib.
Ümumilikdə parkda düşmənin 300-dən çox hərbi qəniməti, silah-sursatları eksponat kimi sərgilənir.
Bakı bulvarında, açıq hava altında yerləşən muzeydə insanların necə qürur hissi ilə gəzdiyini sadəcə görmək lazımdır. Bu mənzərəni sözlə ifadə etmək çətindir.
Ətrafda 44 günlük Vətən Müharibəsi zamanı baş verənlərin xronoloji ardıcıllıqla qeyd edildiyi lövhələr qoyulub.
Bu məlumat lövhələri xüsusilə xarici turistlər üçün nəzərdə tutulub. Belə ki, məlumat lövhələrində Azərbaycan ordusunun zəfər yolu barədə, eləcə də ermənilərin Azərbaycana qarşı törətdikləri hərbi cinayətlər haqqında məlumatlar öz əksini tapıb.
Muzey o qədər diqqətlə hazırlanıb ki, bələdçi olmadan belə, müharibənin gedişatından xəbəri olmayan biri parkda gəzərək hərbi əməliyyatların ardıcıllığını görə bilir.
Ekspozisiyalardan savayı, burada düşmənin sıradan çıxarılmış 150-dək ağır texnikası - tanklar, toplar, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa”, KUB zenit-raket kompleksləri və digər eksponatlar sərgilənir. Vətən müharibəsi zamanı düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları da eksponatlar sırasında yer alıb.
Muzeydə hər bir kiçik detal digəri ilə uyğunluq təşkil edir. Xüsusilə ziyarətçiləri heyrətləndirən düşmən ordusunun hərbçilərinə aid dəbilqələrindən hazırlanmış ekspozisiyadır. Təxminən beş metr uzunluğunda keçid boyu hər iki tərəfdə sərgilənən dəbilqələr bir neçə ay əvvəl boş deyildi. Dəbilqələr bir-birinə çırpılarkən qulaqlara gələn cingilti isə çox möhtəşəmdir. İnanırıq ki, düşmən bu qələbənin səsini heç vaxt unutmayacaq.
Ekspozisiyalar bununla da bitmir. Burada tank əleyhinə səngərlərin, düşmənin gizləndiyi bunkerlərinin, tunellərin və s. maketləri hazırlanıb. Maketlər o qədər realdır ki, düşmən hərbçilərinin həyat tərzi ilə lap yaxından tanış olmaq mümkündür.
Gəzərkən yorulan insanların istirahəti üçün park boyu sandığı xatırladan oturacaqlar quraşdırılıb. Yaşlılar istirahət edərkən, uşaqlar ətrafda qaçıb oynayır.
Təsadüfən yanından keçdiyim yaşlı bir xanımın sakitcə dediklərinə qulaq müsafiri oluram:
- Can bala, rahat yat bala, qanın yerdə qalmadı...
Bu bir ananın deyil, onun timsalında bütün şəhidlərimizin ailələrinin ürəyindən keçən sözlərdir. Otuz illik işğal dövründə düşmənin fəxr etdiyi silahlar, texnikalar bu gün yarasız halda eksponat kimi Bakımızda sərgilənir.
Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya da park ərazisində sərgilənir.
Hərbi Qənimətlər Parkı ərazisində yaradılmış video təqdimat bölməsindəki monitorlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qələbə tvitləri, Vətən müharibəsi ilə əlaqədar çıxışları yer alıb.
Parkda Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilən insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qoyması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar da təqdim olunur.
Parkda informasiya mərkəzi, suvenir mərkəzi, kafe də fəaliyyət göstərir. Ziyarətçilər suvenir mərkəzindən milli brendlərin Azərbaycana, o cümlədən qələbəmizə həsr olunan müxtəlif məhsullarını əldə edə bilər.
Bu park barədə yazmaqla bitməz, o təəssüratları hər kəs şəxsən yaşamalıdır deyə düşünürəm. Odur ki, mütləq vaxt edib gəlib, öz gözünüzlə görməlisiniz.
Ümid edirəm ki, Hərbi Qənimətlər Parkı təkcə Vətən Müharibəsinin qələbəsinin simvolu kimi deyil, həm də tarixi həqiqətləri özündə əks etdirən muzey kimi incəsənət sahəsində tanınacaq.
Könül Cəfərli
FOTO: Ramil Yunus
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb
- Azərbaycan Ordusunun hərbi qulluqçusu İngiltərədə təltif edilib
- İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
- "Şlyapa Zahid"in məhkəməsi: Şirkət təsis olunan gün 40 milyonluq kredit alıb
Rəylər