Aprelin 28-də AMEA Mərkəzi Elmi Kitabxanasında Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr edilmiş sərgi-təqdimat keçirilib.
Oxu.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini Firəngiz Hüseynova Zərifə Əliyevanın intellektual keyfiyyətləri özündə birləşdirən alim, böyük elmi axtarışlarla dolu ömür yolu keçmiş ictimai xadim, yüksək mənəvi keyfiyyətlərini qoruyan görkəmli həkim, gözəl ana, vəfalı ömür-gün yoldaşı kimi rəğbət qazandığını bildirib. İnsanlara olan humanizm duyğusunu seçdiyi peşəsində xüsusilə əks etdirdiyini vurğulayan Firəngiz Hüseynova alimin göz həkimi kimi insanlara nur bəxş etməsini, tarixin ona böyük tale və missiya olaraq verdiyini söyləyib.
Sonra Mərkəzi Elmi Kitabxananın əməkdaşı Aytən Rəhimli tədbir iştirakçılarına sərgi haqqında geniş məlumat verib.
Sərgidə görkəmli alimin həyatı və elmi fəaliyyətlərini əks etdirən ədəbiyyat nümayiş etdirilib. Nümayiş etdirilən əsərlərindən “Возрастные изменения глаза и зрительно-нервного пути” (1980), “Академик Зарифа Алиева” (1981), “Профессиональная паталогия органа зрения” (1988), “Туберкулез органа зрения” (2001), və s. monoqrafiyaları haqda məlumat verilib, bundan başqa, görkəmli alimə həsr edilmiş “Akademik Zərifə Əliyevanın əziz xatirəsinə həsr edilir (75 illiyinə)”, “Yüksək əqidə”, “Qaranlığa nur saçan zəka” və Q.Mirələmovun “Зарифа Алиева” (2010) adlı kitabları, onun haqqında dövrü mətbuatda nəşr edilmiş məqalələri, xatirə yazıları və s. materiallar sərgilənib.
Sərgidə Azərbaycan və xarici dillərdə 200-dən çox ədəbiyyat, virtual görüntülər, Zərifə Əliyeva haqqında videofilm və fotomateriallar nümayiş olunub.
Tədbir zamanı AMEA Mərkəzi Elmi Kitabxanasının hazırladığı “Zərifə Əziz qızı Əliyeva: biobiblioqrafiya” kitabının təqdimatı da keçirilib. Göstəriciyə alimin kitab və monoqrafiyaları, dərs vəsaitləri, dövri mətbuatda və ayrı-ayrı məcmuələrdə dərc olunmuş elmi məqalələri və b. daxil edilib.
Kitabda alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri; Görkəmli dövlət, elm və mədəniyyət xadimləri Zərifə Əliyeva haqqında; Əsərlərinin biblioqrafiyası; Həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında ədəbiyyat əks olunub.
Həmçinin AMEA-nın prezidenti, akademik Akif Əlizadənin “Böyük insan, unudulmaz alim” adlı məqaləsində, akademik Əhliman Əmiraslanovun “Zərifə Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında qısa oçerk”ində alimin elmi-pedaqoji və ictimai fəaliyyəti, onun Azərbaycanda tibb elminin inkişafında böyük töhfələri geniş işıqlandırılıb.