Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənli haqqında açılan cinayət işi ilə bağlı ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edib.
Oxu.Az həmin müraciəti olduğu kimi sizə təqdim edir:
“Nüsrət Kəsəmənli! Bu adı düşünürəm ki, ölkəmizdə tanımayan yoxdur. Müasir poeziyamızın Müşviqi deyərəm mən ona. Allah min rəhmət eləsin. Ruhu şad olsun.
Amma əcaba doğrudanmı şairin ruhu şaddır. İnanmıram... Hələ öz sağlığında kiçik övladının həyatına daxil olan o qara bulud bəlkə də şairin cavan yaşında dünyadan getməsinə səbəb oldu.
Özü qara torpaqda, oğlu isə cavan ömrünü nə az, nə çox düz 15 il qaranlıq zindanlarda həbsdə yaşadı. Doğrusu ilk hadisədən bixəbərəm. O haqda nə isə demək istəmirəm, çünki birdən səhv edərəm.
Amma hal-hazırdakı vəziyyətdən tam xəbərdar olduğum üçün belə qənaətə gəlirəm ki, bu ailənin bu dünyada cəhənnəm əzabını yaşamasını arzulayanlar var. Bilmirəm bu ədavət hardan gəlir, amma fakt ortadadır. İnsan 7 aydır ki, günahsız yerə yenə də həbsxanada saxlanılır.
Heç bir dəlil olmadan insanı günahlandırmaq yalnız böyük qərəzin göstəricisidir. Kimlər maraqlıdır bu işdə, onu bilmirəm. Amma bircə onu bilirəm ki, heç kəsin balasına tor qurmaq olmaz. Allah qarşısında böyük günahdır. Bu gəncin 36 yaşı var. 36 yaşında günahsız gəncin həbsi bir insanı ölümə məhkum etmək deməkdir.
Mən hər zaman dövlətimizə inanıb, ona söykənmişəm. Yenə də ona inanıram. Mən inanıram ki, dahi şairin ruhunu, məsələdən ali olanlar haqsız qoymayacaqlar. Üzümü tuturam güvəncim olan dövlətimizə və onun rəhbərliyinə. Xahiş edirəm öz adımdan və bütün əsl sənət fədailəri adından . Doğrudan da Kəsəmənlinin balası günahsızdırsa, onun azad olunmasına kömək etsinlər.
Üzümü tuturam ölkəmizin birinci xanımı xanım Mehriban Əliyevaya. İnandığımız, güvəndiyimiz, hər zaman kasıbların, yoxsulların, çarəsizlərin çarəsi olan bacım, sizdən xahiş edirik əgər bu oğlanın günahı yoxdursa, onun anasına balasının azadlığının geri verilməsinə kömək edin.
Sabah 29 aprel, səhər 10:30-da Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi olacaq. Göydə Allah, yer üzündə sizi deyib çağırırıq, hər zaman güvəndiyim dövlətimiz.
İnanırıq ki, şairin ruhu şad olacaq”.

Aytən Sadıqzadə
www.oxu.az