Son günlərdə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun tullantıların qəbul sahəsinə aparılan mütəmadi baxış zamanı müxtəlif silah və sursatlar aşkarlanıb və ümumi tullantı kütləsindən xaric edilib.
Oxu.Az xəbər verir ki, bu barədə “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
“Aşkar olunmuş 86 ədəd 7,62 mm ps patronu, 32 ədəd 5,45 mm ps avtomat patronu, 11 ədəd ov tüfəngi patronu, 2 ədəd avtomat darağı, 2 ədəd süngü bıçaq və 1 ədəd fişəng “Təmiz Şəhər” ASC-nin məsul şəxsləri tərəfindən təhvil-təslim aktı əsasında 12-ci polis bölməsinə təhvil verilib”, - məlumatda deyilir.
Ümumiyyətlə, “Təmiz Şəhər” ASC-yə təhvil verilən məişət tullantıları emal və zərərsizləşdirməyə yönləndirilməzdən əvvəl tullantı kütləsinə baxış keçirilir və tərkibində mümkün ola bilən təhlükəli, radioaktiv, iri həcmli tullantılar, həmçinin Səhmdar Cəmiyyətin istifadə etdiyi avadanlıqlara zərər verə biləcək materiallar tullantılardan ayrılır. Bu baxışlar zamanı həmçinin, hərbi silah və sursatlar da aşkar edilərək hüquq mühafizə orqanlarına təhvil verilir.

Gülnarə Zeynalova
www.oxu.az