Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda dəhşətli hadisənin baş verdiyi zavoddan GÖRÜNTÜLƏR
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində qazdan zəhərlənmə nəticəsində ölən işçilərdən biri – Tural Səfərəliyevin yaxınları Baku TV-yə danışıblar.
Mərhumun qonşusu 38 yaşlı T.Səfərəliyevin evli olduğunu söyləyib:
"Uzun müddətdir gəmi təmiri zavodunda işləyirdi. Qonşu olmuşuq, neçə il bir yerdə yaşamışıq. Gözəl insan olub. Allah rəhmət eləsin".
Ətraflı Baku TV-nin süjetində:
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun beş əməkdaşının ölməsi faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə olunur, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Bakıda zavodda beş nəfər qazdan zəhərlənərək ölüb, ikisi xəstəxanaya yerləşdiriib.
Bu barədə Oxu.Az-a TƏBİB-dən bildirilib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 17:00-da "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində qazdan zəhərlənmə səbəbi ilə çağırış daxil olub.
Hadisə yerinə dərhal doqquz təcili tibbi yardım briqadası yönləndirilib.
Beş nəfərin həkiməqədər ölümü qeydə alınıb. Zərərçəkən iki nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Bu gün saat 17:00-da "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun beş əməkdaşı qazdan zəhərlənib.
Oxu.Az xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Qeyd olunub ki, üzən tərsanədə işləyən dörd işçidən səs gəlmədiyini görən növbədə duran Namik Əli oğlu Yolçuyev həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xüsusi briqadası cəlb olunub. Hadisənin baş verdiyi yerdən beş nəfərin –Tural Şabəddin oğlu Səfərəliyev, Orxan Zaur oğlu Şahbazov, Namik Əli oğlu Yolçuyev, Teyyub Eyyub oğlu Ağayev, Samid Abdulvahab oğlu Məmmədovun meyiti çıxarılıb.
Hadisənin baş vermə səbəbləri haqqında araşdırmalardan sonra daha ətraflı məlumat veriləcək.