Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ən çox gözlənilən filmlərin Rusiyada premyerası ləğv edildi - FOTO
“Warner Bros.” studiyası baş rolunu Robert Pattinsonun oynadığı “Betmen” filminin Rusiyada nümayişini premyeradan bir gün əvvəl ləğv edib.
“Ukraynadakı humanitar böhran fonunda “WarnerMedia” Rusiyada “Betmen” bədii filminin yayımını dayandırıb. Vəziyyəti izləməyə davam edəcəyik. Biz bu faciənin tez zamanda və sülh yolu ilə həllinə ümid edirik”, - deyə şirkətdən bildirilib.
“Warner Bros.”dan sonra “Sony” də Rusiyadakı filmlərinin premyerasını dayandırdığını açıqladı.
“Ukraynada davam edən hərbi əməliyyatları və bunun nəticəsində regionda baş verən qeyri-müəyyənliyi, həmçinin humanitar böhranı nəzərə alaraq, biz Rusiyada planlaşdırılan teatr tamaşalarımızı, o cümlədən “Morbius”un yaxınlaşan premyerasını dayandıracağıq”, - deyə şirkətin açıqlamasında deyilir.
Qeyd edək ki, “Betmen”in premyerası martın 2-nə, Cared Letonun baş rolunu ifa etdiyi “Morbius”un premyerası isə martın 24-nə planlaşdırılırdı.
Bir gün əvvəl “Disney” də Rusiya ərazisində film nümayişlərini dayandırdığını elan edib. Şirkət buna səbəb kimi Ukraynaya müdaxilə və Rusiyanın əməliyyatı səbəbindən başlayan humanitar böhranı göstərib.
Bundan başqa martın 10-na planlaşdırılan “Mən qızarıram” (“Turning Red”) cizgi filminin premyerası da Rusiyada baş tutmayacaq.
Rusiya qanunlarına əsasən, martın 1-dən etibarən “Netflix” Rusiyanın 20 federal kanalını yayım şəbəkəsinə daxil etməli idi. Ancaq Ukrayna hadisələri ilə əlaqədar yayım xidməti bundan imtina edib.
“Mövcud vəziyyəti nəzərə alaraq, bu kanalları xidmətimizə əlavə etməyi planlaşdırmırıq”, - deyə şirkətdən bildirilib.
Rəylər