“Gaming League Azerbaijan”ın rəhbər Adil Mahmudov 2021-ci ilin yekunları ilə bağlı açıqlama verib.
O, başa çatmaqda olan ili ölkə kiberidmanı üçün uğurlu mövsüm adlandırıb:
“2021-ci il “Gaming League Azerbaijan” və ümumilikdə kiberidman üçün uğurlu il oldu. GLA Azərbaycan Kiber İdman Federasiyası ilə birlikdə Gənclər və İdman, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin dəstəyi ilə bir sıra layihələr reallaşdırdı.
İlin əvvəlində “DOTA 2” və “Global Offensive” (CS:GO) kompüter oyunları üzrə XIV Milli Çempionat baş tutdu. Ardınca “Nizami ili”nə həsr olunan “Counter-Strike”: “Global Offensive” (CS:GO) oyunu üzrə “Xəmsə” beynəlxalq turnirini keçirildi və Macarıstan komandası turnirin qalibi adını qazandı. 2021-ci ildə “Gaming League Azerbaijan” tərəfindən Azərbaycanda ilk dəfə “Valorant” turniri reallaşdı. 28 komandanın iştirak etdiyi “I Valorant” gözlənildiyi kimi böyük marağa səbəb oldu.
Kiberidman üzrə yarışlar təşkil edən “Gaming League Azerbaijan” ilk transferini rəsmiləşdirdi. “Gaming League Azerbaijan”ın yetirməsi Cavid Qurbanov 25 min manat qarşılığında GMT Esports - “Guardians of the Maiden Tower” - “Qız Qalasının keşikçiləri” klubu ilə rəsmi müqavilə imzaladı. Bu transfer ölkə mediasında gündəm oldu və uzun müddət müzakirə edildi.
Böyük maraqla qarşılanan “FIFA21” yarışının qalibi GMT Esports komandasının üzvü Cavid Qurbanova Bakının “Neftçi” futbol klubunun bazasında qonaq olmaq imkanı yaradıldı. Qalib iştirakçı komandanın məşqində iştirak edərək futbolçuların hazırlığını canlı izləməklə “Neftçi” ailəsində unudulmaz gün keçirdi.
Azərbaycan komandası “Guardians of the Maiden Tower” (tərcümədə Qız Qalasının Keşikçiləri) Valorant kiberidman növü üzrə Portuqaliyada təşkil edilən nüfuzlu turnirin qalibi oldu.
26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunan Во3 formatında yarış təşkil edildi. Olimpiya sistemiylə baş tutan yarışda həm Azərbaycan, həm də Türkiyə iki komandayla təmsil olundu.
Avqustda “PUBG Mobile” üzrə yeni turnir keçirildi. Kiberidman həvəskarları arasında ilin ikinci “PUBG Mobile” yarışında 32 komanda mübarizə apardı. Bu il komandalarımızın sayı artdı.
“Gaming League Azerbaijan” kiberidman üzrə “Fireland”-“Odlar Yurdu” adlı yeni komanda təsis etməklə rəqabəti artırdı.
İlin sonunda Valorant oyunu üzrə “İstiqlal” adlı turnir baş tutdu. 2021-ci ildə tərəfdaşlarımızın sırasına “Xiaomi” şirkəti də qoşuldu. “Xiaomi” şirkətinin dəstəyi ilə kiberidman üzrə iştirakçı sayına görə ölkənin ən böyük “Xiaomi Azerbaijan x PUBG Mobile Cup” uğrunda yarış keçirildi. Ölkəmizin bütün regionlarını əhatə edən yarış onlayn formatda təşkil olundu və ümumilikdə 1500-ə yaxın qeymerin iştirakı üçün şərait yaradıldı.
“Lenovo” və Intel®️ -in sponsorluğu ilə “Gaming League Azerbaijan” “Counter Strike - Global Offensive” üzrə “Lenovo Legion Winter Cup” kiberidman çempionatını keçirdi.
Ölkəmizin kiberidman klubu - GMT Esports Avropa Turnirində parlaq çıxış etməklə qalib gəldi. GMT Esports Portuqaliyadan olan rəqiblərini məğlub etməklə qitə turnirinin çempionu oldu (VALORANT Circuito de Elite). 7 saat davam edən finalda kiberidman komandamız möhtəşəm əzmkarlıq və yüksək səviyyədə peşəkarlıq nümayiş etdirdi.
Təşkilatımız adından 2021-ci ildə layihələri reallaşdırmaqda bizə dəstək olan qurumlara təşəkkür edirəm. Artıq Azərbaycanda kiberidman yeni mərhələyə qədəm qoyur. Kiberidman əksər gənclərimizin həyat tərzinə, sevimli idmanına çevrilib. 2022-ci ildə kiberidman həvəskarlarını möhtəşəm layihələr gözləyir. Bir sıra beynəlxalq turnirlərin keçirilməsi nəzərdə tutulub. Sonda “Gaming League Azerbaijan” adından Azərbaycan kiberidman ailəsini Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edirəm”.