Fermerlər bəzən öz məhsullarını bölgələrdən paytaxta daşımaqda, onun satışını həyata keçirməkdə çətinlik çəkirlər.
Buna görə də onların üzləşdikləri problemlərin həlli ilə bağlı müxtəlif tədbirlər görülür, layihələr həyata keçirilir. Yeni yaradılan aqrar.az saytı da belə layihələrdəndir.
Bu ilin mayında istifadəyə verilən saytın yaradılmasında başlıca məqsəd fermerlərə istehsal etdikləri məhsulları satmaqda, alıcılara isə istədikləri məhsulları əldə etməkdə rahat və geniş seçim imkanı yaratmaqdır.
Layihə rəhbəri Fəxri Ağayevin sözlərinə görə, bu sayt sayəsində fermerlər öz məhsullarını bazara rahat çıxarmaq imkanı əldə edəcəklər. Bu addım kənd təsərrüfatının inkişafına dəstək verməklə yanaşı, alıcılarla satıcıları vahid virtual platformada bir araya gətirəcək. Yəni, onlar arasında bir növ körpü rolunu oynayacaq:
“Kənd təsərrüfatı məhsulları istehsalçıları daha öz məhsullarını satmaq üçün alıcı axtarmalı olmayacaqlar. Bakı və digər şəhərlərdə olan ketrinq firmaları, restoran şəbəkələri, böyük hotellərimiz əlavə xidmətlər və xərclər olmadan istehsalçılarla birbaşa əlaqə quracaqlar”.
F.Ağayev bildirib ki, məhsullarını aqrar.az saytı vasitəsilə satmaq istəyən fermerlərdən yalnız bir şey - saytda qeydiyyatdan keçmək və öz məhsullarının şəklini çəkib elan şəklində yerləşdirmək tələb olunur. Onlar burada məhsul haqqında qısa məlumat verə, onun qiymətini, əlaqə vasitələrinizi yerləşdirə bilərlər:
“Artıq kifayət qədər fermerin bəhrələndiyi aqrar.az elektron portalına ölkənin müxtəlif bölgələrindən yüzlərlə fermer qoşulub. Saytda hər iki tərəf – həm alıcılar, həm də istehsalçılar üçün bütün fəaliyyətlər tam pulsuzdur.
Fermerin saytda elan verməsi üçün adi mobil telefonunun olması kifayətdir ki, məhsulunun şəklini çəkib sayta yerləşdirsin. Beləliklə, fermerlər həm vaxtlarına, həm də əlavə xərclərdən qurtulmaqla pullarına qənaət etmiş olacaqlar”.
Satıcılar üçün əsas üstünlüklərdən biri də ondan ibarətdir ki, onlar elanın sayta yerləşdirildiyi müddətdə (1 ay) öz məhsullarının qiymətini dəyişmək imkanına malikdirlər.
Saytda emal olunmamış məhsulları yerləşdirmək mümkündür.
Saytın özəlliklərindən biri də ondan ibarətdir ki, burada regionlarla bağlı heç bir məhdudiyyət qoyulmayıb. Yəni, harada yaşamasından asılı olmayaraq, hər bir şəxs öz məhsullarını saytda yerləşdirə bilər.
Sayt məhsulların çatdırılması xidmətini göstərmir. Lakin alıcı özü birbaşa satıcı ilə əlaqə saxlayır və tərəflər arasında razılıq əldə olunacağı təqdirdə satıcı məhsullarını alıcının istədiyi ünvana çatdıra bilər.
Siz də keyfiyyətli kənd təsərrüfatı məhsullarını münasib qiymətə satmaq və ya almaq istəyirsinizsə, aqrar.az saytı ən yaxşı seçimdir.
Məhsullarınıza alıcı tapın, istənilən məhsulunuzu istədiyiniz qiymətə satın!
