Mayın 9-da “Aqro-Vest DC” MMC-nin kollektivi ümummilli lider Heydər Əliyevin anadan olmasının yüzilliyi ilə bağlı tədbir keçirib.
Tədbir iştirakçıları öncə ulu öndər H.Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Toplantını giriş sözü ilə açan şirkətin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi S.Qaliboğlu XX əsər Azərbaycan siyasəti, tarixi, eləcə də ictimai həyatında ayrıca yeri və xidməti olan H.Əliyevin həyatı və fəaliyyəti haqqında geniş bilgi verib.
Bildirilib ki, H.Əliyev gənc yaşlarından dövlət təhlükəsizliyi orqanlarında çalışmağa başlayıb və o, həmişə işinin peşəkarı olmağı bacarıb. Bunun nəticəsidir ki, dövlət təhlükəsizliyi orqanlarında öz bacarığı və şəxsi keyfiyyətləri ilə yüksək vəzifələrə doğru irəliləyə bilib və həmin quruma başçılıq edib.
1969-cu ildən Sovet Azərbaycanına rəhbərlik etməyə başlayan H.Əliyev tez bir zamanda respublikanın inkişafını təmin edib və o, uğurlu rəhbərlik bacarığına görə 1982-ci ildə Moskvaya işləməyə dəvət edilib. Bu dəfə ona daha yüksək - SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsi tapşırılıb. Bu vəzifədə H.Əliyev keçmiş SSRİ miqyasında çox böyük işlərə rəhbərlik edib.
Qeyd edilib ki, onun Azərbaycana rəhbərliyinin ikinci dönəmi (1993-2003-cü illər) ölkəmizin müstəqilliyinin çox gərgin çağlarına təsadüf edir. Özəlliklə, ilk beş il ölkəmizdə siyasi hərc-mərclik, vətəndaş qarşıdurması, dövlət çevrilişlərinə cəhdlə yadda qalıb. H.Əliyev müdrik siyasətçi və dövlət adamı olaraq bütün bunların öhdəsindən gələ bildi, ölkədə sabitliyin qorunmasını təmin etdi.
I Qarabağ savaşında 12 may 1994-cü ildə əldə edilən atəşkəs, həmin ilin sentyabrında böyük neft şirkətlərinin iştirakı ilə “Əsrin müqaviləsi”nin uğurla imzalanmasına zəmin yaratdı. Məhz bu müqavilə ilə Azərbaycan nefti dünya bazarına çıxarıldı və bu gün çoxmilyardlı valyuta ehtiyatlarımız neftdən gələn gəlirlər hesabına formalaşmaqdadır.
Toplantıda H.Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışılıb, onun ölkə həyatının bütün sahələrindəki fəaliyyəti dilə gətirilib.
Sonda ümummilli liderin həyatı haqqında sənədli film nümayiş olunub.
Tədbirin ardınca “Aqro-Vest DC” MMC-nin əməkdaşları Fəxri Xiyabanda H.Əliyevin məzarını ziyarət edərək əklil qoyublar.
Xatırladaq ki, “Aqro-Vest DC” MMC ənənəvi olaraq üç ildir ki, öz əməkdaşları arasında futbol turniri keçirir. Mayın 10-da start götürən builki turnir böyük dövlət adamı H.Əliyevin yüzilliyi ilə əlaqədar “Heydər Əliyev Kuboku” adlanır. Yarışda şirkət əməkdaşlarından ibarət 8 komanda mübarizə aparır.