Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

“Aqro-Vest DC” şirkətinin futbol üzrə “Heydər Əliyev Kuboku” başa çatdı - FOTO
İyulun 16-da “Aqro-Vest DC” şirkətinin öz əməkdaşları arasında keçirdiyi, iki aydan bəri davam edən futbol üzrə “Heydər Əliyev Kuboku” başa çatıb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən turnirin ötən bazar günü Bakı Olimpiya Stadionunun kiçik meydançasında üçüncü yer və çempionluq uğrunda yarışları keçirilib.
Öncə “Caffino” və “Slavyanskoye” komandaları 3-cü yer uğrunda güclərini sınayıblar. Yarış gərgin şəraitdə keçib və “Slavyanskoye” rəqibini 7:1 hesabı ilə məğlub edib.
Əyləncəli fasilədə azarkeşlər “Nero” rəqs qrupunun təqdimatında maraqlı performansa baxıblar və şirkətin işçiləri arasında uduşlu lotereya oyunu keçirilib, qaliblər dəyərli hədiyyələrlə təltif olunublar.
Çoxdan gözlənilən an gəlib. Final oyunu şəhid övladları Ərtoğrul Kamran oğlu və Ramal Elcan oğlunun topa toxunuşları ilə başlayıb. Bu oyunu səbirsizliklə gözləyən azarkeşlər çempion adına iddialı olan iki güclü komandanın - “Lukas” və “Aplus”un gərgin mübarizəsini böyük maraq, coşqu ilə izləyiblər.
Oyunda hesabı ilk olaraq açan “Aplus” komandası sona kimi rəqibi üzərində üstünlüyünü qorumağı bacarıb. Qarşılaşma boyu hər iki komandanın qapısı ağzında dəfələrlə real qol təhlükəsi yaranıb. Gərgin keçən matç “Aplus”un 4:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “Lukas” ikinci, “Slavyanskoye” isə üçüncü olublar.
Oyunların ardınca qalib və mükafatçı komandaların təltifetmə mərasimi keçirilib və kubok öz sahibinə təqdim edilib. İlk üç yeri tutan komandalara “Aqro-Vest DC” şirkəti tərəfindən pul mükafatları verilib.
Turnirin ən yaxşı qapıçısı və bombardirinə də kuboklar təqdim edilib.
Beləliklə, builki “Heydər Əliyev Kuboku”nun sahibi “Aplus” komandası olub və çempionluğun rəmzi sayılan kuboku başı üzərinə qaldırıb.