“Aqro-vest DC” MMC ən böyük və nüfuzlu qənnadı məmulatları istehsalçısı olan Ukraynanın “Roshen” Korporasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilə şərtlərinə görə 2022-ci ilin yanvar ayının 15-dən etibarən şirkət “Roshen” məhsullarının Azərbaycan Respublikası ərazisində eksklüziv bölüşdürmə və satış hüququ əldə edib.
Bildirək ki, “Roshen” - illik istehsal həcmi 100 min tondan artıq olan, MDB, eləcə də, Avropanın Almaniya, Çexiya, İtaliya kimi bir sıra ölkəsində müştəri rəğbəti qazanmış ticarət nişanıdır.
“Aqro-vest DC” MMC-nin Marketinq şöbəsinin müdiri Tural Məmmədov: “Roshen” Korporasiyası ilə əməkdaşlıq müqaviləsinin bağlanması şirkətimizin iş həyatında mühüm hadisələrdən biridir.
Bu, şirkətimizin bir daha öz prinsiplərinə sadiq qalmasının mühüm göstəricisi sayıla bilər. Belə ki, bizim başlıca prinsipimiz - ən keyfiyyətli məhsulları ölkə istehlakçısına ən keyfiyyətli şəkildə çatdırmaqdır. Sevindirici haldır ki, bu gün biz bir çox yerli istehsalçının məhsullarının ölkə ərazisində bölüşdürmə və satışını təşkil edirik. İstehsalçılar özləri etiraf edirlər ki, bu onların satışlarının artmasına gətirib çıxarıb. Düzdür, bu gün şirkətimizin dövriyyəsində xarici istehsalçıların payı çoxdur. Lakin, qeyd etməliyəm ki, ildən ilə daxili istehsalçıların xüsusi çəkisi də yüksək templə artır.
Fürsətdən istifadə edərək, xalqımızı şirkətimizin kollektivi və rəhbərliyi adından Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, xalqımıza daha gözəl günlər arzulayırıq! Bu gözəl tarixi bizə yaşadan şəhidlərimizin, qazilərimizin, Vətənin azadlığı uğrunda mübarizə aparmış hər kəsin qarşısında baş əyir, onlara hörmət və ehtiramımızı bildiririk! Yaşasın Azərbaycan Xalqı! Var olsun Azərbaycan!”
“Aqro-vest DC” MMC 2014-cü ildə yaradılıb. Şirkət əsasən ərzaq məhsullarının ölkə ərazisində bölüşdürməsi və satışı ilə məşğul olur.
