Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti qadınları təbrik etdi
8 Mart - Beynəlxalq Qadınlar Gününün qeyd edilməsinə yaxınlaşdığımız bir vaxtda Azərbaycanda Amerika Ticarət Palatasında çalışan qadınlar da daxil olmaqla, Azərbaycanın bütün qadınlarına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.
Bu əlamətdar gün qadınların cəmiyyətimizə verdiyi əvəzsiz töhfələrin sübutu kimi gender bərabərliyi istiqamətində əldə etdiyimiz irəliləyişlər haqqında düşünmək fürsəti yaradır. Bu gün həm də hər bir qadının daha da inkişaf etməsi və daha çox uğur qazanması üçün hələ qarşıda duran işlər barədə bizə bir xatırlatmadır.
Qürur hissi ilə demək istəyirəm ki, Azərbaycandakı Amerika Ticarət Palatası hökumətin siyasətinə uyğun olaraq qadınların hüquqlarının və səlahiyyətlərinin artırılması işinə tam sadiqliyini nümayiş etdirməkdədir. Biz qadınların iqtisadi inkişafın sürətləndirilməsində və innovasiyaların təşviqində oynadığı mühüm rolunu qeyd edirik və qadınların öz karyeralarında üstün ola bilmələrini və cəmiyyətə davamlı təsir göstərə bilmələrini dəstəkləyən mühiti təmin etməyə çalışırıq.
8 Mart bayramını qalib ölkə kimi xüsusi ehtiramla qeyd edərkən gəlin vətənpərvər qəhrəmanlar yetişdirmiş, dövlətçiliyimizə böyük töhfələr vermiş qadınlara ehtiramımızı bir daha izhar edək.
Azərbaycan qadını xalqımızın müstəqilliyə və tərəqqiyə doğru getdiyi yolda hərəkətverici qüvvə olublar. Onlar öz sarsılmaz mənəvi gücü və qətiyyəti ilə gənc nəslə dərin vətənpərvərlik, milli ideallara sadiqlik hissi aşılayıblar. Məhz Azərbaycan qadınının əvəzsiz xidmətlərinin sübutu olan bu nəsil xalqımızın mətanət rəmzi kimi meydana çıxdı və 44 günlük Vətən Müharibəsində özünü büruzə verdi.
Ölkə başçısının andiçmə mərasimində səsləndirdiyi nitqində milli kimliyimizin və təhlükəsizliyimizin təməl daşı kimi ailənin möhkəmlənməsinin, onun mərkəzində Azərbaycan qadınının olmasının mühüm əhəmiyyətini vurğuladı.
Tarixən, Azərbaycan cəmiyyəti analıq roluna dərin hörmət bəsləyərək və özünəməxsus milli dəyərləri əziz tutaraq qadınlara böyük ehtiram göstərib. Tomris, Qətibə Xanım, Məhinbanu, Xurşidbanu Natəvan və Leyla Məmmədbəyova kimi şəxsiyyətlər öz görkəmli töhfələri ilə mədəni irsimizi zənginləşdirərək və nəsilləri ilhamlandıraraq bizlərə əbədi miras qoyublar. Dahi Nizaminin əsərlərindəki qadın obrazlardan tutmuş Nigar, Həcər kimi tarixi qəhrəmanlara qədər Azərbaycan qadını öz müdrikliyi, şücaəti və fədakarlığı ilə seçilib. Üstəlik, 20-ci əsrdə Xalq Cümhuriyyəti və Sovet hakimiyyəti illərində də Azərbaycan qadınları bütün mövcud imkanlardan istifadə edərək xalqın tərəqqisinə mühüm töhfələr veriblər. Qeyd olunmalıdır ki, Azərbaycan demokratik inkişaf tarixi olan bir çox başqa dövlətləri qabaqlayaraq 1918-ci ildə qadınlara səsvermə hüququ verib. Hacı Zeynalabdin Tağıyevin vurğuladığı kimi, “Savadlı qadın savadlı anadır və savadlı ana övladlarına zəngin dünyagörüşü bəxş edir”. Bu yanaşma bu gün də özünü doğruldur. Təsadüfi deyil ki, bu gün Azərbaycan cəmiyyətində qadınlar vitse-prezident, spiker və parlament üzvləri kimi aparıcı vəzifələrə yüksəlməkdə davam edir.
Şübhəsiz ki, qadınlar “AmCham”ın rəhbərliyində hər zaman mühüm rol oynayaraq problemlərin öhdəsindən səmərəli şəkildə gəlmək qabiliyyətimizi daha da gücləndiriblər. 2014-cü ildə nümayəndə heyətimizi qəbul edərkən ölkə başçısının bu istiqamətdə verdiyi müvafiq tövsiyələrə uyğun olaraq, həmin tarixdən etibarən qadınların səlahiyyətləndirilməsinə sadiqlik “AmCham” üçün uzunmüddətli prioritetə çevrilib. O vaxtdan bəri biz direktorlar şuramızda qadınların təmsilçiliyini artırmış və müxtəlif təşəbbüslər həyata keçirmişik, o cümlədən bu yaxınlarda qadınların səlahiyyətlərinin artırılmasına dair mövqe sənədini ərsəyə gətirmişik. Gender bərabərliyinin təşviqi və qadınların peşəkar şəkildə inkişaf etmələri üçün əlverişli mühitin yaradılması məsələləri davamlı olaraq bizim diqqət mərkəzimizdədir.
Nəticə olaraq qeyd edirik ki, “AmCham”ın strategiyaları, o cümlədən qadınların hüquq və imkanlarını inkişaf etdirməyə olan öhdəliyi hökumətin siyasətləri ilə həmişə üst-üstə düşür. Bu Beynəlxalq Qadınlar Günündə icazə verin qadınların səlahiyyətlərini genişləndirmək və hamı üçün daha inklüziv cəmiyyət qurmaq öhdəliyimizi bir daha bəyan edək.
Bu özəl gün münasibətilə hər birinizi bir daha ürəkdən təbrik edirəm!
Hörmətlə, Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu.
Rəylər