Lozanna şəhərinin mərkəzində ənənəvi mətbəx şousu keçirilib. Şouda digər ölkələrlə yanaşı, Azərbaycanın da stendi nümayiş edilib. Stendin yaradılması “L’Heritage” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə baş tutub.
İsveçrənin Cenevrə şəhərində bir neçə il öncə fəaliyyətə başlayan, Azərbaycanın zəngin mədəni irsinin təbliği ilə məşğul olan Assosiasiyanın növbəti uğurlu tədbiri festivalda böyük maraqla qarşılanıb.
Dünyada qabaqcıl kulinariya təcrübələrinin sərgiləndiyi festivalda Serbiya, Kolumbiya, Monqolustan, Eritreya və s ölkələrin özəl təamları ilə bir cərgədə Azərbaycanın milli yeməkləri və incə zövqlə hazırlanmış desertləri “PHS Group”un təqdimatında nümayiş olunub. 2011-ci ildən ADEM-də Azərbaycan rəqslərinin tədrisi ilə məşğul olan Mariya Xan-Xoyskaya Martignolinin parlaq milli rəqsləri ilə müşayiət edilən Azərbaycan stendi ətrafına xeyli tamaşaçı toplayıb, “Sarı gəlin” və “Yüz biri” kompozisiyalarını publika ürəkdən alqışlayıb.
Festivalın fəxri qonaqları, diplomatik heyət, tədbirdə təmsil edilmiş ölkələrin nümayəndələri, yerli sakinlər azərbaycanlıların performanslarını yüksək dəyərləndirərək, mətbəx sənətinin bir mədəniyyət haqqında dolğun təəssürat yaratdığını xüsusi vurğulayıblar.
Lozanna festivalının əlvan rənglərinə Azərbaycanın təkrarsız çalarlarını qatan “L’Heritage” Mədəniyyət Assosiasiyasının layihələrinin isə əhatə dairəsi getdikcə genişlənməkdədir. Azərbaycanın milli, klassik və müasir musiqisini, istedadlı imzalarını, sənətkarlarını dünyaya tanıtmaq məqsədi ilə keçirilən konsertlərin, sərgilərin təşkilində əsas hədəf - son illər diqqət mərkəzində olan Cənubi Qafqazın ən qüdrətli ölkəsi haqqında doğru-dürüst informasiya yaymaq, sülhsevən, tolerant və dünyəvi dəyərlərə söykənən bir xalqla bağlı dolğun fikir formalaşdırmaqdır.
Assosiasiyanın təmsilçiləri eyni hədəfə köklənmiş tədbirlərin dünya və Azərbaycan arasında etibarlı körpü yaradacağına, eyni zamanda xaricdə yaşayan azərbaycanlılar arasında birliyin möhkəmlənməsinə xidmət edəcəyinə əmindirlər.
Assosiasiyanın fəaliyyətini bu səhifələrdən izləyə bilərsiniz:
e-mail: [email protected]
www.azericulture.com
“Instagram”: heritageazerbaijan
Rəylər